Moldovanın nüfuzlu KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı ilə bağlı məqalələr dərc edib.
Diaspor info-xəbər verir ki, Moldovanın “Tribuna”, “Noi” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətləri, regionda daimi sülhün bərqərar olmasına dair fikirləri yer alıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin materialları əsasında dərc edilən məqalələrdə dövlətimizin başçısının çıxışına istinadla qeyd olunur ki, Azərbaycan sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Sülh sazişini imzalamağın vaxtı gəlib.
“Artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər bir məqalədə isə Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”.