ŞƏHİD VÜQAR AĞASİYEVİN AİLƏSİ VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİDİR.
ŞƏHİD VÜQAR AĞASİYEV BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ İGİDLİK GÖSTƏRDİ, ONUN ARDINCA İSƏ QARDAŞI ÖVLADLARI DA, ƏMİLƏRİ KİMİ İKİNCİ QARABAĞ SAVAŞI, “VƏTƏN MÜHARİBƏSİNDƏ” KİŞİ KİMİ DÖYÜŞDÜLƏR.
Birinci Qarabağ müharibəsi başlanan zaman, nə yenicə müstəqilliyini əldə etmiş dövlətimiz, nə də ki, xalqımız buna hazır deyildir. Azərbaycan dövlətinin nizamlı ordusu yox idi, odur ki, xain qonşularımızın qəfil hücumuna xalq özü cavab verməyə başladı. Və beləliklə də, hər rayonun batalyonları yaranmağa başladı.
Şəhid Vüqar Ağasiyevin bəxtinə də, həmin dövrdə hərbi xidmət keçmək yazılmışdır. Vüqarın valideynləri və ümumiyyətlə bütün ailəsi çox vətənpərvər olduqlarına görə, onu sovet ordusunda xidmət etməyə göndərməmişdilər. Hansı ki, 1990-cı ildə Azərbaycan oğulları da, hələ sovet ordu sıralarında xidmət edirdilər. Artıq Xalq hərəkatı başladığına görə bir çox valideynlər öz övladlarını Milli orduya göndərmək istədiklərini açıq aşkar bəyan edirdilər.
Şəhid Vüqar Ağasiyev “İgidliyə görə medalı” alan zaqatalalılardandır. Onun haqqında daha ətraflı məlumat toplamaq üçün Zaqatala rayon Bazar kəndinə yollandıq. Vüqar Ağasiyevin hələ cavan yaşlarından oğul dərdi çəkməkdən saçları ağarmış anasına baş çəkdik. Şəhidimiz haqqında əvvəlcə qardaşı Qazı ilə söhbətləşdik: “Qardaşım haqqında əvvəlcə bioqrafik məlumat vermək istəyərdim. Ağasiyev Vüqar Vaqif oğlu 1972-ci il dekabrın 25-də Zaqatala rayon Bazar kəndində anadan olmuşdur.Bazar kənd səkkizillik məktəbini bitirdikdən sonra, 9-10-cu sinifi Qımır kənd tam orta məktəbində oxuyub. Peşə məktəbində elektirik mexanizatoru ixtisası üzrə təhsil alıb. Kolxozda fəhlə işləyib. 1992-ci il martın 5-də, həqiqi hərbi xidmətdə çağırılıb. Bir müddət Sumqayitda hərbi xidmət etdikdən sonra Daxili Qoşunların tərkibində olmaqla Ağdamda xidmət edib.
1992-ci il noyabrın 1-də Ağdamın Qazançılar kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 3-də. Zaqatala rayon Bazar kənd qəbristanlığında dəfn olunub. Oxuduğu Bazar kənd tam orta məktəbi Ağasiyev Vüqar Vaqif oğlunun adını daşıyır.
Qardaşımın müharibədə göstərdiyi qəhrəmanlıq sonradan araşdırılaraq, 2017-ci ildə onu igidliyə görə medalı ilə təltif etdilər.”
Şəhidimizin atası Ağasiyev Vaqif Qazı oğlu 2004-cü ildə rəhmətə gedib. Anası Sənəm Əli qızı Ağasiyeva 1945-ci ildə Zaqatala rayon Bazar kəndində anadan olub. Sənəm xanım kolxozda tütünçü olub. Vaqiflə, Sənəm ailədə 3 qız, 2 oğlan olmaqla 5 övlad böyüdüblər. Sadə kolxozçu olmalarına baxmayaraq, çox tərbiyəli və vətənpərvər övladlar böyüdüblər.
Sənəm xanım da, oğlu Vüqar haqqında bizimlə söhbətləşdi: Vüqar çox qeyri-adi uşaq idi. Hara gedirdisə, fərq etməz məktəbdən, əsgərlikdən, lap elə kənd camaatından, həmişə Vüqar haqqında mənə tərif gələrdi. O, özünə yaxşı hörmət qazandıra bilmişdi, özünü bütün ətrafa sevdirə bilmişdi.
Oğlum müharibə zamanı bir dəfə ayağından yaralandı, komandirlərindən icazə alıb bibisi oğlunun toyuna gətirmək istədik. Oğlum dedi ki, mən getmirəm biz bura vətəni qorumağa, müharibəyə gəlmişik, müharibə bitdikdən sonra toya da, gedərəm. Bir həftədən sonra isə, onun nəşini gətirdilər. Oğlum bilirsənmi, bala dağı çox ağır olur, amma Şəhid adı da, çox şərəflidir.
Nəvəmin adını Vüqar qoymuşuq. Hazırda nəvəm Vüqar Ağasiyev Qazının oğlu Azərbaycan Əmək və Sosial Münasibətlər Akademyasında 3-cü kursda təhsil alır. Nəvələrim də, əmiləri kimi vətənin dar günündə sinəsini irəli verən kişilərdəndir. Belə ki, digər nəvəm Mikayılov Toğrul Şaban oğlu 44 günlük Vətən müharibəsində iştirak edib.
Vüqar balam haqqında qəzetlərdə çox yazılar yazıblar, biri də, Daxili Qoşunların “Əsgər” qəzetində işıq üzü görüb: “Zaqatalanın şəhidlik zirvəsinə yüksələn igid oğullarından 10 nəfəri Daxili Qoşunların hərbi qulluqçuları idi. Onlardan biri də, sözügedən rayonun Bazar kəndinin vətənpərvər oğlu şəhid Vüqar Ağasiyev olmuşdur.
Sıravi Vüqar Vaqif oğlu Ağasiyev 1972-ci il dekabrın 25-də Zaqatala rayonunun Bazar kəndində dünyaya göz açıb. Atası Vaqif kişinin (2004-cü ildə vəfat edib) və Sənəm ananın zəhmətlə böyüdüb tərbiyə etdiyi 5 övladdan (Qərənfil, Xumar, Vüqar, Qazı və Aytən) biri və eyni zamanda ailənin sevimlisi idi Vüqar.
1988-ci ildə Bazar kənd səkkizillik (hazırda tam orta məktəb-A.Ə), 1990-cı ildə isə Qımır kənd tam orta məktəbini bitirmişdi. Hələ uşaq yaşlarından kənd təsərrüfatına, xüsusəndə heyvandarlığa böyük maraq göstərən Vüqar rayonun Aşağı Tala kəndində yerləşən 172 saylı peşə məktəbinə daxil olmuş, 1991-ci ildə bu təhsil ocağını “Əsaslı mexanikləşdirilmiş heyvandarlıq fermaları kompleksləri mexanizatoru” peşəsi üzrə bitirmişdi. Atasının yolunu davam etdirən Vüqarın ən böyük arzularından biri də, gələcəkdə mütəxəssis kimi rayonun kənd təsərrüfatının inkişafına öz töhfəsini vermək idi.
İgid silahdaşımızın qardaşı Qazı Ağasiyev onun bacarıqlı, işgüzar və savadlı şagird olduğu üçün hər kəs tərəfindən sevildiyini deyir: “Vüqar məndən 3 yaş böyük idi. Uşaqlıqdan sakit, mehriban, həm də, çalışqan şagird olduğu üçün həm qonşular, həm də, məktəbdə müəllim və şağird yoldaşları onun xətrini hamıdan çox istəyirdilər.
Təsərrüfat işlərinə, xüsusən də, heyvandarlıq sahəsinə böyük maraq göstərirdi. İşdən heç zaman qaçmazdı. Olduqca zəhmətkeş insan idi. Seçdiyi ixtisas üzrə peşə təhsilini başa vuranda, Vüqarın sevincinin həddi-hüdudu yox idi. Ona görə ki, onun gələcək peşə fəaliyyəti ilə bağlı böyük arzuları vardı.
Olduqca vətənpərvər bir gənc idi. Vüqar kimi Vətənini, el-obasını sevən gənclərimizlə ancaq qürur duymaq olar. Bu səbəbdən də, qardaşım Vüqarla ancaq fəxr edirəm”.
1992-ci il mart ayının 5-də gənc Vüqar Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. O, qəlbində Vətən sevgisi və düşmənə olan böyük nifrət hissi ilə doğma yurdumuzun müdafiəsinə yollandı.
Bir müddət sonra Daxili Qoşunların “N” saylı hərbi hissəsində “sıravi” hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Burada təxminən bir aylıq təlim keçdikdən sonra xidmətini davam etdirmək üçün Daxili Qoşunların Ağdam rayonunda, döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissəsinə ezam olunur və xidmətini burada davam etdirir. Daxili Qoşunların tanınmış döyüşçüsü, ölümündən sonra Azərbaycanın Milli Qəhrımanı fəxri adına layiq görülmüş cəsur döyüşçü, baş leytenant Fəxrəddin Nəcəfovun komandiri olduğu bölüyün tərkibində Ağdam və Ağdərə rayonları ərazisindəki Qalayçılar, Papravənd, Canyataq, Gülyataq, Mehmanə, Çıldıran, Sırxavənd və Qazançı kəndlərinin, eləcə də bir sıra yüksəkliklərin müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında yaxından iştirak edərək, onlarla erməni yaraqlısını məhv edir.
1992-ci il noyabrın 1-də Ağdərə rayonunun Qazançı kəndi ətrafında gedən şiddətli döyüşlər sıravi V. Ağasiyevin gərgin keçən döyüşlərindən olur. 1992-ci il noyabrın 1-də Ağdamın Qalayçılar kəndi uğrunda gedən ağır döyüşlər onun son döyüşü olur, Vüqar Ağasiyev məhz həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Belə ki, düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində cəsur döyüşçümüz əbədi ölümsüzlüyə-şəhidlik zirvəsinə yüksəlir.
Vətən uğrunda canını qurban verən sıravi Vüqar Ağasiyev doğma Bazar kənd qəbristanlığında dəfn olunub. Vaxtı ilə ilk təhsil aldığı Zaqatala rayonu, Bazar kənd tam orta məktəbinə Daxili Qoşunların igid döyüşçüsü, şəhid Vüqar Vaqif oğlu Ağasiyevin adı verilib.
Xeyli müddət keçməsinə baxmayaraq, Vüqarın döyüşçü dostları onun qəhrəmanlığını bu gün də böyük iftixar hissi ilə yada salırlar.
Vaxtı ilə igid döyüşçü ilə birgə xidmət etmiş, hazırda Daxili Qoşunların veteranları olan Balakən rayonu Hənifə kənd sakini Abdullayev Mehman Ramazan oğlunun (Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanıb-A.Ə.) və Ağdaş rayonu Hapıtlı kənd sakini Əliyev Əflatun Əssan oğlunun onun haqqında qürur hissi ilə söylədikləri fikirlər də, bunu bir daha təstiq edir:
“Vüqarla eyni gündə hərbi xidmətə çağrılmışıq. Cəbhəyə də, eyni gündə yollanmışdıq. Sumqayıtda yerləşən hərbi hissəmizdə təxminən 25 gün təlim keçdikdən sonra gecə ikən 150 nəfərədək şəxsi heyəti olan taborumuz həyəcan siqnalı ilə qaldırılaraq, Ağdamın Qalayçılar kəndinə gətirildi. Təxminən bir həftə-on gün Qalayçılarda qaldıq. Bu müddətdə bizim posta 50-60 nəfərə yaxın erməni daşnakı hücuma keçmişdi. Əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmən xeyli itgi verərək, geri çəkilməyə məcbur oldu. Sonralar Vüqarla birgə Ağdam və Ağdərə rayonlarının bir sıra kənd və yüksəklikləri uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak etmişik.
Bu əməliyyatlar zamanı Vüqar onlarla erməni yaraqlısını məhv edərək əsl hərbiçi kimi fərqlənmişdi.
Vüqar Vətənini, xalqını qəlbən sevən əsl döyüşçü, əsl vətənpərvər insan idi. Gözündə qətiyyən qorxu hissi yox idi. Mərd, qətiyyətli və intizamlı əsgər idi. Həm də olduqca mehriban, xoş xasiyyəti vardı. Bu müsbət xüsusiyyətlərinə görə Vüqar bütün kollektiv arasında böyük nüfuz və hörmət qazanmışdı”.
Məlumat üçün qeyd edək ki, şəhid V. Ağasiyevin həyat və döyüş yolundan bəhs edən yazılara H. İsmayılov və E. Malıyevin müəllifi olduqları”Zaqatala şəhidləri” kitabında, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında rast gəlmək olar.
Bundan əlavə, V. Ağasiyevin adı Daxili Qoşunların arxivində saxlanılan Daxili qoşunlar üzrə “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda da, yer alıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Kapitan A.Əhmədov, mənəvi-psixoloji hazırlıq şöbəsində muzey rəhbəri.”
Bəli, şəhidimiz haqqında hələ bundan sonra da, mətbuatda xeyli yazılar yazılacaqdır. Əsas odur ki, bu gün şəhidimizin ruhu şaddır. Ona görə ki, onun uğrunda şəhid olduğu Vətən torpaqlarında ermənilər deyil, müzəffər Azərbaycan əsgəri dayanıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44 gün ərzində erməni əsgərini döyüş meydanında diz çökdürən Azərbaycan əsgərinin sayəsində şəhidlərimizin ruhu şad oldu. Vətən müharibəsində Azərbaycan əsgəri öz gücünü təkcə erməniyə deyil, bütün dünyaya sübut etdi. İkinci Qarabağ savaşında ermənilər öz havadarlarına arxayın olsalar da, bu dəfə onlar da, xain qonşularımıza kömək edə bilmədilər. Allah Müzəffər Azərbaycan Ordusunu Qorusun!
Allah Şəhidlərimizə Rəhmət Eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
469