“Prezident İlham Əliyev mayın 4-də Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması prosesində rayonla bağlı öz fikirlərini bildirdi. Prezident işğal müddətində və işğaldan sonrakı dönəmdə rayonda nəzərdə tutulan məsələləri gündəmə gətirdi. Əsas işğal müddətində Zəngilanda bir-iki binanı çıxmaq şərtilə hər şeyin yerlə-yeksan olduğunu qeyd etdi. Bir-iki binada da işğalçı erməni əsgərləri yaşayırdılar deyə bu binalara toxunulmamışdı.”. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bundan başqa erməni vandalizminin bariz nümunəsi kimi Bəsitçay Dövlət Təbiət Qoruğunun məhv olunmasıdır: “Ermənilər burada 10 min hektarlarla meşə sahəsini məhv ediblər. Bu təkcə Zəngilanda yox, Laçın, Qubadlı, Kəlbəcərdə də baş verib.
Bundan başqa ermənilər Vejnəli qızıl yatağını da istismar ediblər. Həm də kimyəvi tullantılar və zir-zibillər Oxçuçaya tökülüb. Cənab Prezident bu məsələni qeyd edərək bildirdi ki, Azərbaycan tərəfindən bütün dağıdılmış evlərin, sosial binaların həm video, həm də fotoçəkilişi aparılır. Onların pasportlaşdırılması həyata keçirilir, dəymiş ziyan hesablanır və bütün bunların sonunda Azərbaycan dövləti həmin dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəməyə müraciət edəcək”.
Cümşüd Nuriyev sözlərinə belə davam edib: “Cənab Prezident həmçinin qeyd etdi ki, Zəngilan məcburi köçkünlərin ilk geri qayıdacağı rayon olacaq. Bunun üçün rayon ərazisində, Ağalı kənddə yeni “Ağıllı kənd” layihəsi həyata keçirilir və tezliklə bu layihə başa çatdırılacaq. Layihədə yalnız insanların yaşayışı üçün deyil, həm də onların işləməsi üçün hər cür şərait yaradılmalıdır. Burada əkinçilik və heyvandarlıqla məşğul olmaq üçün hər şey olacaq.
Həmçinin, Zəngilanın digər kəndlərinin də baş planı hazırlanır. İşğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri baş plan əsasında həyata keçirilir. Zəngilanda məscidin bərpasını Heydər Əliyev Fondu maliyyələşdirir. Çünki məscidin cəmi bir divarı sağ qalmışdı. Yəni, Qarabağda dağıdılan 65 məsciddən biri də Zəngilan məscididir ki, onun da bərpa işi gedir.
Cənab Prezident həm də Zəngilanın logistik əhəmiyyətini qeyd etdi. Bir neçə zolaqlı avtomobil yolları çəkiləcək. Bununla bərabər Zəngilan, Qubadlı, Laçını Qarabağın digər bölgələri ilə birləşdirmək üçün avtomobil yolları çəkilir. Nəzərdə tutulan həm dəmir, həm avtomobil yolu təkcə Naxçıvanla Azərbaycanı deyil, eyni zamanda Azərbaycan üzərindən mal göndərənlərin yüklərinin daşınmasını həyata keçirəcək. Çünki son zamanlar Ələt limanına sifarişlərin sayı çoxalıb və Azərbaycan yük göndərmə qabiliyyətinin artırılması məsələsilə məşğuldur.
Həmçinin, Zəngilanın təbiəti imkan verir ki, burada turizm həyata keçirilsin. Bu məqsədlə burada beynəlxalq hava limanı tikilir. Gələcəkdə Zəngilan yalnız aqrar rayon kimi deyil, həm də kənd turizminin inkişaf etdiyi, beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi bir bölgə kimi də gündəmə gələcəkdir”.
Ayşən Vəli
140