ŞƏHİD AKİF RƏSULOVUN ANASI ƏSBƏT XANIM OĞLUNUN QOXUSUNU ALMAQ ÜÇÜN ŞUŞAYA GEDİB.
Birinci Qarabağ müharibəsi başlayan kimi Akif Rəsulov da, digər qeyrətli Azərbaycan oğlanları kimi vətənin müdafiəsinə qalxdı. Sovet ordusunda müddətli həqiqi hərbi xidmət etdiyi zaman qazandığı hərbi bilikləri Qarabağ müharibəsində onun karına gəldi. Azərbaycan dövləti və xalqımızın gözləmədiyi kimi, Akif də, heç vaxt inanmazdı ki, ermənilər qəfildən Azərbaycana təcavüz edər. Belə ki, sovet ordu sıralarında xidmət edənlərin əksəriyyəti erməni əsgərlərinin necə qorxaq olduqlarını yaxşı bilirdilər.
Ancaq havadarlarının maddi, silah-sursat və siyasi dəstəyi sayəsində xain qonşularımızın arzuları çin oldu. Onlar Azərbaycanın ən gözəl yaşayış məskənlərindən olan Qarabağ bölgəsinə hücum etdilər və nəticədə Azərbaycan dövləti 20% torpaqlarını itirdi. Ancaq bu qeyri-bərabər döyüş zamanı Akif kimi igid, qorxmaz və qeyrətli oğullarımız erməni cəlladlarının qarşısından qaçmadılar, son damla qanlarına qədər döyüşərək şəhid oldular. Şəhidimiz Akif Rəsulovu oxucularımıza tanıtmaq üçün, onun haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi yazırıq: Rəsulov Akif Məhəmməd oğlu 27 İyun 1966-cı ildə Zaqatala rayon Muğanlı kəndində anadan olub.
Muğanlı kənd orta məktəbini bitirib. Daha sonra isə rayonda sürücülük məktəbini də, bitirib. Akif əvvəlcə sovet ordusu sıralarında əsgəri xidmətdə olub. 1991-ci ildə isə Vətən müdafiəsinə qalxaraq, cəbhəyə gedib. Səkkiz may 1992- ci ildə Akif Rəsulovun son döyüşü olub və bu döyüş zamanı, Şuşada itgin düşüb.
Akif ailəli olub, hazırda onun bir oğlu var. 1992-ci ildə 14 oktyabrda dünyaya gəlib. Akifin ölümündən sonra dünyaya gələn uşağın adını da, Akif qoyublar.
Hazırda Zaqatala rayonu Muğanlı kənd mədəniyyət evi Şəhidin adını daşıyır. Akif Rəsulovun həyat yoldaşı Gülüstan Rəsulova mədəniyyət evinin rəhbəridir.
Şəhid Akif Rəsulov haqqında daha ətraflı məlumat almaq üçün Zaqatala rayonu Muğanlı kəndinə yollandıq. Akifin anası Əsbət xanım bizi öz həyətində samovar çayına dəvət etdi.
Çay süfrəsi ətrafında etdiyimiz söhbət zamanıməlum oldu ki, Rəsulov Akifin anası Əsbət xanım 2021-ci ilin sonunda Şuşaya gedib.
Əsbət ana səkkiz övladının olduğunu dedi: uşaqların hamısı oğlan olub. Akifin adını da, nəvəmə vermişəm.
Oğlumu çox axtarmışam, onun qoxusunu almaq üçün şəhid olduğu torpaqlara getdim. Şuşaya gedib, oğlumun yatdığı əsgər yataqxanasında oldum.
Oğlanlarımı da, aparmışdım. Akifin adını daşıya nəvəmi də, aparmışdım. Akif çox istiqanlı oğlum olub. Onu daha çox istəyirdim, o da, mənimlə sirdaş idi. Deyirdim ay oğlum, bilirsən ki, qızım yoxdur, öləndə mənim üstümdə ağlayıb yola salarsan.
O, da mənə demişdi ki, yaxşı necə istəyirsən elə də, olacaq.
İş elə gətirdi ki, 30 ildən çoxdur mən onun yolunu gözləyirəm. Birinci Qarabağ müharibəsi zamanı kəndimizdə ən çox şəhid verən bizim doğmalarımız oldu. Mənim iki qardaşımın oğlu birdə qaynımın oğlu və öz oğlum, şəhid oldular.
Təsəvvür edirsizmi bir ailədən dörd şəhid vermişik.
Qardaşım oğlu və öz oğlumun nəşini də, gətirmədilər, çünki itgin düşüblər.
Akif bilirdi ki, mən onun döyüşə getməsinə dözə bilməyəcəyəm. Odur ki, həyətdən bir neçə alət də, götürüb, dedi ki, gedirəm torpaq yerimizi çəpərləməyə və orada xeyli işim var.
Bizi aldadıb ki, ona mane olmayaq, özü isə birbaşa cəbhəyə yollanıb. Sonradan kəndimizdən mənə dedilər ki, Akif də, dostlarıyla birgə Suşaya gedib.
Birdə eşitdim ki, Akif həqiqətən də, Şuşadadır.
Bir müddət sonra atası xəstələnmişdi, gedib ona icazə aldıq ki, gəlsin evə. Nə etdiksə geriyə, evə gəlmədi. Dedi ki, siz gedin Şuşanı belə vəziyyətdə qoya bilmərik, üç günə mən də, evə gələcəyəm. Oradakı qız gəlinin haray səslərinə dözə bilmərəm. O dediyi kimi də, etdi, döyüşə getdi və şəhid oldu. Evimizə yalnız Akifin şəhid xəbəri gəldi.
Əsbət ana bu gün nəvəsi Akifdən oğlu Akifin qoxusunu alır. Şəhidin son məktubunu dəyərli əşya kimi qoruyub saxlayır. Və deyir ki, mən öləndə həmin məktubu sinəmin üzərinə qoyarsınız.
Şəhidin oğlu Akif Rəsulov da, atası kimi Xurşudbanu Natəvanın ev muzeyində , həmin dövrdə əsgər yataqxanasında qalaraq, həmin xatirələri yaşayıb. Əsbət nənə bizi Akifin son məktubu ilə də, tanış etdi. Məktubda Akif yazır ki, məndən narahat olmayın bütün qohum-əqrabaya salam deyin. Ancaq mənə yazmayın.
Şəhid Akif Rəsulovun da, ruhu bu gün şaddır. Belə ki, onun da, uğrunda şəhid olduğu Şuşa şəhəri erməni cəlladlarından azad olunub. Bu gün Şuşa şəhəri tam azaddır, orada Azərbaycan əsgəri xidmət keçir və müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
590