ZƏFƏR MURTUZƏLİYEV DOSTLARINI XİLAS ETMƏK NAMİNƏ CANINDAN KEÇƏN QƏHRƏMANLARDANDIR.
Birinci qarabağ müharibəsi başlayan gündən Azərbaycanın digər qeyrətli oğulları kimi Zəfər Murtuzəliyev də, döyüşə getməyə can atırdı. Öz havadarlarından hərtərəfli dəstək alan erməni cəlladları xalqımızın başına bir çox faciələr gətirməsinə cavanlar daha kəskin reaksiya verirdi. İnsanlığa qarşı ən ağır cinayət olan Xocalı soyqırımını törədən erməni vəhşilərinin cavabı verilməli idi.
Birinci Qarabağ müharibəsində güclərin qeyri-bərabərolmasını hamı görürdü. Belə ki, nizamsız Azərbaycan ordusunda nəinki silah-sursat, hətta ərzaq çatışmamazlığı da, var idi.
Bütün bunlara baxmayaraq, Zəfər kimi qeyrətli Azərbaycan oğulları vətənin müdafiəsinə qalxdılar və bu yolda dünyada ən qiymətli və şirin olan canlarına qıydılar. Şəhid Zəfər Ramazan oğlu Murtuzəliyev haqqında bildiyimiz bəzi məlumatları qısa da, olsa oxucularımıza çatdırmaq istəyirik: Murtuzəliyev Zəfər Ramazan oğlu 1973-cü il martın 15-də Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1991-ildə Sovet Ordu sıralarında, Qazaxıstanda hərbi xidmətdə olub. 1 il 5 ay xidmət etdikdən sonra, geri, evinə gəlib. 1993-cü ildə isə könüllü olaraq, Qarabağa müharibəyə gedib. 1994-cü il yanvarın 26-da Füzuli rayonu ətrafında gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Fevral ayının 3-də Zaqatala şəhər qəbirstanlığında dəfn olunub.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək üçün onun son yaşadığı evdə, anasının qonağı olduq. Və şəhidimiz haqqında anası Əzizə xanımla xeyli söhbətləşdik: oğlum Murtuzəliyev Zəfər Ramazan oğlu 1973-cü il martın 15-də Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. İlk təhsilini Qımır kənd orta məktəbində almağa başladı, 4-cü sinifi bitirdikdən sonra isə, Zaqatala şəhər 1 saylı orta məktəbdə təhsilini davam etdirib. Hazırda həmin məktəb oğlumun, Murtuzəliyev Zəfərin adını daşıyır.
Ailədə 2 oğlan 3 qiz olublar. Zəfər ailəmizin böyük oğlu olub. Zəfər orta məktəbi bitirdikdən sonra 20 yanvar hadisəsi olmuşdu. 1991-ildə Sovet Ordu sıralarına, Qazağıstana hərbi xidmət etməyə gedib. Qazağıstanda 1 il 5 ay xidmət etdikdən sonra geriyə vətənə döndü. 1993-cü ildə isə könüllü olaraq, Qarabağa, müharibəyə getdi.
Dekabr ayında 10 günlük məzuniyyətə gəlmişdi. Qantuziya aldığına görə Komandirləri ona 10 günlük icazə vermişdilər. 1994-cü il yanvarın 26-da Füzuli rayonu ətrafında gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Komandirləri deyirdi ki, Şişqaya uğrunda gedən döyüşlərdə şəhid olub. Fevral ayının 3-də Zaqatala rayon Qımır kənd qəbirstanlığında dəfn olunub.
Oğlumun uşaqlıqdan ürəyində qorxu olmayıb. Bilsəydi ki, gedəcəyi yerdə öləcəkdir, yenə ora gedərdi.
Atası Ramazan kişi radioda oçerkə qulaq asıb, orada deyiblər ki, Zəfər adlı bir oğlan öz dostlarının yolunda özünü ölümə atıb. Ramazan kişi bu hadisədən çox təsirlənmiş və deyib ki, evə gəlim əgər oğlum olarsa adını Zəfər qoyacağam. Ramazan kişi elə də, etdi, oğlunun adını Zəfər qoydu.
Zəfərin bir xasiyyəti vardı hələ məktəbdə oxuyan vaxtı məktəbdə bütün işləri özü görərdi. Divar qəzetlərini də, o, çıxarırdı. Sanki bilirdi ki, illər ötəcək və məktəb onun adını daşıyacaqdır. Zəfərin adını daşıyan məktəb, “Zaqatala şəhər bir saylı tam orta məktəbi” hər il yanvarın ayının 26-da şəhidə həsr olunan tədbir keçirirlər. Zaqatala batalyonunda olan komandirləri gəlmişdi. O, deyirdi ki, mən bu zaqatalalıları heç başa düşmürəm, onlar ölümdən qorxmurlar?!
Zəfərin Birinci Qarabağ savaşında göstərdiyi qəhrəmanlıq Dövlət başçısı tərəfindən də, qiymətləndirilib.
Belə ki, Murtuzəliyev Zəfər Ramazan oğlu ölümündən sonra 15.01.1995-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Ağcabədi, Füzuli, Xocavənd və son döyüşü olan Şişqaya uğrunda gedən döyüşlərdə fəal iştirakına görə Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib.
Zəfərin uşaqlıq dostu olmuş, hazırda Zaqatala şəhər iki saylı tam orta məktəbin direktoru Vasif Əfəndiyevlə də, şəhidimizlə bağlı söhbətləşdik:”biz hələ uşaqlıqdan möhkəm dost olmuşduq. Məktəbdə həmişə eyni yerdə, bir parta arxasında əyləşərdik. Sözümüz tuturdu, o çox zarafatcıl insan idi. Bununla bərabər həm də, çox ciddi biri idi.
Bizim bütün günümüz bir yerdə keçirdi. Bəzən elə olurdu ki, axşamlar onlarda qalırdım. Mənim tələbəliyim çox çətin dövrlərə təsadüf edib. Atam dünyasını dəyişmişdi, evdə anama kömək etmək kişi işlərini görmək üçün qardaşım çox balacaydı. Mən isə ali təhsil alırdım. Mən tətilə gələndə anam mənə deyərdi ki, oğlum çox sağolsun, Zəfər gəlib su və s. Problemlərimizi həll etdi. Zəfərlə görüşümüzdə isə o, bu barədə mənə heç nə deməmişdi. Anam deyirdi ki, sən burada olmadığın müddətdə Zəfər bizə tez-tez baş çəkir və qarşıya çıxan problemlərimizi dərhal həll edir. Bax Zəfər beləcə təmənnasız dost idi, o, etdikləri yaxşılıqlar, vəyaxudda bu barədə mənə heç vaxt danışmazdı. O, dostluqda çox sədaqətli və mərd idi. Zəfər döyüşdə də, kişilik nümunəsi göstərərək, şəhid olub. Cəbhə yoldaşları deyirdilər ki, xeyli əsgərimiz mühasirəyə düşmüşdü. Bu zaman Zəfər öz yoldaşlarına deyib ki, siz hələki imkan var canınızı qurtarın, mən isə təkcə ermənilərin qarşısını saxlayacağam, imkanım çatdığı qədər onları ləngidəcəyəm. Əgər hamımız ələ keçsək, burada sağ adam qalmayacaqdır.
Və həmin vaxtı, döyüş yoldaşlarını xilas etmək üçün erməni tankının qarşısına çıxıb. Qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə ucalıb və bununla da, öz döyüş yoldaşlarını ölümdən qurtarıb.”
Zəfər Murtuzəliyevin bu cəsarəti sonradan Ümummilli lider tərəfindən yüksək qiymətləndirilib. Ümumiyyətlə isə Zəfər kimi şəhidlərimizin etdiyi qəhrəmanlıqlar bundan sonra da, gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsi olacaqdır.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
1 206