ZAQATALALI ŞƏHİD SƏDAQƏT RƏCƏBOVA XANIM OLMASINA BAXMAYARAQ, TANKI ƏLA İDARƏ EDİRDİ.
ŞƏHİD SƏDAQƏT RƏCƏBOVANIN ARZUSU VƏTƏN YOLUNDA DÖYÜŞMƏK VƏ ŞƏHİD OLARSA BAKIDA, ŞƏHİDLƏR XİYABANINDA DƏFN OLUNMAQ İDİ.
O ARZUSUNA ÇATDI, ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI VƏ BAKI ŞƏHƏRİNDƏ-ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDİLDİ.
Birinci Qarabağ savaşı başlanan vaxtı xain qonşularımızın qəfil hücumu, xalqımızda böyük nifrət hissi yaratmışdı. Odur ki, uşaqdan böyüyə kimi hamı erməni vəhşiliyinə etiraz edir, cəbhəyə gedərək, onlara qarşı vuruşmaq istəyirdi. Nizamsız ordumuz olduğuna görə pərakəndəlik hökm sürürdü. Bütün bunlara baxmayaraq, millətimiz ruhdan düşmür, vətənpərvərlik hissi ölmürdü. Döyüşə təkcə cavanlar getmirdi, yaşlılar və qadınlar da, gedirdi. Düzdür qadınlar azlıq təşkil etsə də, ancaq yenə də, var idi.
Belə qadınlardan biri də, Sədaqət Rəcəbova idi. O, başqalarından fərqli olaraq, deyirdi ki, “Aslanın erkəyi dişisi olmaz!” Odur ki, döyüşə getdiyi gündən hərbin sirrlərinə dərindən yiyələnmişdi. Təkcə silah atmağı deyil, hərbi texnikanı, hətta tankı da, gözəl idarə edirdi.
Qəhrəman şəhid xanımımızı oxucularımıza tanıtmaq üçün onun haqqında qısa arayış vermək istəyirik: Rəcəbova Sədaqət Abakar qızı 1971-ci ildə Zaqatala rayonu Sabunçu kəndində anadan olub. Uşaqlıq illərində öz sadəliyi, qoçaqlığı, elinə-obasına məhəbbəti, saf təbiəti ilə seçilən Sədaqət istər ailədə, istərsədə təhsil aldığı məktəblərdə hamının hörmətini qazanmışdır. O, 1986-cı ildə Sabunçu kənd səkkizillik, 1988-ci ildə isə Yuxarı Çardaxlar kənd orta məktəbinin 9-10- cu sinifini əla qiymətlərlə başa vurmuşdu. Şəhid xanımın arzusu jurnalist olmaq idi. Qarabağ hadisələri başlayan ilk gündən Sədaqət tez-tez “Zaqatala” qəzeti redaksiyasında, yerli radio verlişləri redaksiyasında olur, tədbirlərdə çıxışlar edir, cəbhəyə tez-tez yardımların toplanmasında fəallıq göstərirdi. O, 1992-ci ilin mart ayında Goranboy cəbhəsinə könüllü olaraq, getdi. Tezliklə müxtəlif silahların dilini öyrənən Sədaqət Rəcəbova tankı sərbəst idarə etməyə başladı. Onun ən böyük arzusu “Vətən uğrunda vuruşub şəhid olmaq və şəhidlər xiyabaninda dəfn olunmaq idi”. Sədaqət 1993-cü il avqustun 8-də qeyri-bərabər döyüşlərdə şəhid oldu. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid xanım haqqında daha ətraflı məlumat almaq məqsədilə onun ailəsi ilə görüşmək qərarına gəldik. Və Sədaqət haqqında daha çox məlumat toplamaq üçün qardaşı Hidayət ilə həmsöhbət olduq: bacım haqqında bildiyim məlumatları bölüşməyə hazıram. Rəcəbova Sədaqət Abakar qızı 1971-ci il yanvarın 27-də Zaqatala rayonu Sabunçu kəndində anadan olmuşdur. Biz ailədə 4 qız bir oğlan olmaqla, 5 uşaq olmuşuq. Sədaqət sonbeşiyimiz olub. Yuxarı Çardaxlar kənd orta məktəbinin 10-cu sinifini bitirib. Tütünçülüklə məşğul olurduq. Xalq cəbhəsi dövründə müharibə başladığına görə, ölkədə vətənpərvərlik təbliğatı daha çox gedirdi. Sədaqət də, anama deyirdi ki, mən müharibəyə gedəcəyəm. əlbəttə milli mentalitetimizə uyğun olmadığına görə qardaş kimi buna qarşı idim.
Ancaq bacım diş həkiminə getmək adı ilə evdən çixib və geri dönməyib. Bir həftə sonra məktub göndərdi ki, mən dözə bilməzdim, ona görə də, müharibəyə getdim. Döyüşdən məzuniyyətə gələndə də, evimizə gəlmir, Tala kəndində bacım yaşayırdı onlara gedir, istirahət edib geri müharibəyə qayıdırdı. Qardaş kimi mən ondan çox incimişdim, deyirdim ki, mən dura-dura sən qız uşağı kimi müharibəyə niyə gedirsən?
1992-ci ilin mart ayında müharibəyə getdi, 1993-cü ilin avqust ayında isə Üçtəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Sədaqət və dostları döyüş təcrübəsi az olduqları üçün atəş açılan vaxtı onların silahından çıxan qığılcım görsəndiyinin fərqində olmayıblar. Odur ki, tez-tez yerlərini
dəyişmədiklərinə görə, Sədaqət də, snayperlə, alnından vurulub.
Mamrıx kəndindən Etibar adlı bir döyüş yoldaşı gəlmişdi o, deyirdi ki, Sədaqəti başa salırdım ki, silahdan atəş açdın, tez yerini dəyiş. Ancaq təcrübəsiz olduğuna görə yerini dəyişmirdi. O, yaxşı atıcı olduğu üçün ermənilərə qan uddurub.
Sədaqət Zaqatalanın yeganə qadınıdır ki, tibb bacısı kimi deyil, atıcı kimi müharibədə döyüşürdü. Vətəninə olan sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Sonralar məlum oldu ki, Sədaqət yeganə qardaşının döyüşə getməsini istəmədiyinə görə, özü döyüşə gedib.
Sədaqətin hər iki valideynləri dunyasını dəyişib.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.