ŞƏHİD VÜQAR BAYRAMOVUN DA RUHU ŞADDIR-UĞRUNDA ÖLDÜYÜ TORPAQLAR AZAD EDİLİB.
İkinci qarabağ savaşı “Vətən Müharibəsi” başladığı gündən bütün dünyaya, o cümlədən də, ermənilərə ayan oldu ki, Birinci Qarabağ savaşı ilə çox fərqlidirlər. Birinci Qarabağ savaşı qəfildən başlamışdı, yəni xain qonşularımız tarix boyu etdikləri şərəfsizliklərə yenidən əl ataraq, ərazi iddiasıyla Qarabağımıza hücum etmişdir. Həmin dövrdə sovetlər birliyinidən yenicə ayrılan və öz müstəqilliyini dünyaya bəyan edən Azərbaycan Respublikasının Milli Ordusu yox idi. Elə müharibə gedə-gedə dövlətimiz özünə ordu yaratmağa başladı və bu nizamsız orduda vətənpərvər, igid oğullarımız vətənin müdafiəsində şəhid oldular. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlandı. Bu ordu otuz ildir ki, bu günü gözləyirdi. Dünyanın ən aparıcı dövlətlərinin ordularıyla çiyin-çiyinə beynəlxalq tədbirlərdə, yarışlarda iştirak edərək, təcrübə qazanmışdır. Bu təcrübələr erməniləri cəmi 44 gün ərzində Azərbaycan əsgərinin qarşısında diz çökməyə, ağ bayraq qaldırmağa məcbur etdi.
Vüqar Bayramov da, Milli Ordu quruculuğunun ilk əsgərlərindən oldu.
Vüqar Bayramov haqqında bizə məlum olan bəzi informasiyanı olduğu kimi oxucularımızın diqqətinə çatdırmaq istəyirik: Bayramov Vüqar Oruc oğlu 24 fevral 1972-ci ildə Zaqatala rayonu Lahıc kəndində anadan olmuşdur. 1989-cu ildə Lahıc kənd orta məktəbini bitirmiş, bir müddət Nizami adına kolxozda çalışmışdır . Zaqatala batalyonunda Füzuli bölgəsində üç ay vuruşan Vüqar Bayramov cəbhədən qayıtdıqdan sonra bir müddət kənddə işləmişdir. 10.01.1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Zaqatala rayonu Lahıc kənd qəbirstanlığında dəfn olunub.

Bayramov Vüqar haqqında daha ətraflı məlumat toplamaq üçün Zaqatala rayon Lahıc kəndinə yollandıq, şəhidin qardaşı Rəhman ilə söhbətləşdik: biz ailədə doqquz uşaq olmuşuq, qardaşım Bayramov Vüqar Oruc oğlu 1972-ci il fevralın 24-də Zaqatala rayonunun Lahıc kəndində anadan olmuşdur. Lahıc kənd orta məktəbin səkkizinci sinifini bitirdikdən sonra, peşə məktəbində oxuyub. Sovet Ordu sıralarında Ukrayna Respublikasında 1 il 5 ay hərbi xidmət etdikdən sonra, evə qayıtdı. 1992-ci ildə könüllü olaraq, Qarabağa, müharibəyə getdi. Onun döyüş yolu Beyləqan -Füzuli bölgəsindən başlayır. Zaqatala batalyonunda xidmət edib Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. O, çox ürəkli idi. Dost-tanış üçün canını qurban verən olub. Dəfələrlə ermənilərin içərisindən şəhidlərin nəşini Vüqar çıxardıb. Heç nədən qorxmazdı.
Zaqatala rayonu Lahıc kənd Sənətkarlıq evi şəhid Bayramov Vüqar Oruc oğlunun adını daşıyır.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.