Prezident İlham Əliyev: “2022-ci il Qarabağda çox geniş miqyasda tikinti-quruculuq ili olacaq”
Bəli, ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq 44 günlük qələbəmizdən bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq bu istiqamətdə genişmiqyaslı işlər görülür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.
Bəli, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı - “Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir.
Bir sözlə, may ayının 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşa şəhərlərinə səfər edərək azad nəfəs alan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.
VERİLƏN VƏDLƏR, GERÇƏKLİYƏ ÇEVRİLƏN İŞLƏR...
Dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfəri bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.
"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" sözü ilə əməlini üst-üstə düşməsinin reallığıdır. Bütövlükdə, bu Qalib Liderin "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözünün təsdiqidir. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən Müzəffər Ali Baş Komandanımızın bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günü Füzuli və Şuşa şəhərlərinə səfər etməsi və Şuşadan etdiyi müraciəti bir daha Qalib Liderimizin sözü ilə əməlinin üst-üstə düşdüyünün reallığıdır. Dövlətimizin başçısının da söylədiyi kimi, Heydər Əliyevin ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. “Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Prezident səfəri çərçivəsində görülən işlərlə tanış olaraq, iş icraçılarına vacib tövsiyələr verdi. Füzuli şəhərində 180 çarpayılıq xəstəxananın təməlinin qoyulması, “Azərişıq” ASC-nin şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli olan Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir–bərpa işlərinin davam etməsi, “Qarabağ”, “Xarı Bülbül”, “Shusha Boutique Hotel”lərində təmir-bərpa işləri, Mehmandarovların malikanə kompleksi, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası, Şuşadakı Şirin su hamamında işlərinin Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Bütün bu görülən işlər ulu öndərin arzuları idi.Dövlət başçımız İlham Əliyev müraciətində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyərək bildirib ki, ulu öndər ölkənin ən çətin anlarında xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Dahi Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. Öz həyatını xalqa həsr edən ümumilli liderin ən böyük arzusunun Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək olduğunu söyləyən ölkə rəhbərimiz diqqətə çatdırdı ki, onun dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Prezident dedi: “Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik... Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər. Bu gün mayın 10-da mən yenidən ulu öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.
“BİZ AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARI BƏRPA EDƏCƏYİK, BƏRPA EDİRİK”
Dövlət başçımız səfər zamanı bir daha növbəti mesajını verdi, bu mesaj sözü ilə əməlinin üst-üstə düşdüyünün göstəricisidir. Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etdiyini, bütün bölgələrdə quruculuq-bərpa işlərinin sürətlə getdiyini, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparıldığını vurğulayan ölkə rəhbəri, əslində, şəhərlərin, kəndlərin yenidən qurulduğunu bildirdi: “Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.
Bir övlad olaraq ümummilli liderin ad günündə Şuşada olmaqdan qürur duyan Azərbaycan Prezidenti müraciətində bildirdi: “Bu gün – mayın 10-da mən mütləq burada olmalı idim. ulu öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!».
Bir sözlə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşa rayonlarına növbəti dəfə səfər etməsi ilə Azərbaycan xalqı bir daha əmin oldu ki, ən qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən cənnət məkanına çevrilərək orada həyat canlanacaq.
RƏFİQƏ KAMALQIZI