ŞƏHİD SALEH YEKİBAŞOV KİMİ İGİD SOYDAŞLARIMIZIN RUHU ŞADDIR, ÇÜNKİ ONLARIN DA QİSASI ALINIB.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi ki, xain qonşuları tərəfindən təcavüzə məruz qaldı. Və məcburən müharibəyə sürükləndi. Havadarlarının maddi və mənəvi dəstəyi, silah təchizatı sayəsində qyeri-bərabər döyüşlər başladı. Nizamlı ordusu olmayan və silah-sursat çatışmamazlığı ilə qarşılaşan xalqımız əliyalın da, olsa düşmən qarşısından qaçmadı, döyüşdü və şəhid oldular. Bu qeyri-bərabər savaşda xalqımız 20% torpaqlarını itirdi. Azərbaycan xalqı və dövlətimiz bu itgi ilə heç vaxt barışmayaraq, torpaqlarımızı geri almaq üçün hər gün hazırlaşdı.
Birinci Qarabağ savaşından sonra, otuz il idi ki, torpaqlarımız işğal altındaydı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və cəmi 44 gün davam edən İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı Azərbaycan ordusu öz qüdrətini yağı düşmənə döyüş meydanında göstərdi. Zəfərlə başa çatan Vətən müharibəsində qanı-canıyla şanlı tarix yazanlar birinci Qarabağ savaşında şəhid olan soydaşlarımızın da, qisasını aldılar. Vətən müharibəsində birinci Qarabağ savaşında şəhid olmuş Saleh Yekibaşovun da, qisası alındı və bu gün onun ruhu şaddır. Şəhid Saleh Yekibaşov haqqında məlumat toplamaq üçün Zaqatala rayonu Üçüncü Tala kəndinə getdik. Şəhidin qardaşı Səmədlə görüşüb, xeyli söhbətləşdik. Şəhidimiz haqqında əldə edə bildiyimiz bəzi məlumatları oxucularımıza da, təqdim edirik:
Yekibaşov Saleh Nəbi oğlu 23 mart 1972-ci ildə Zaqatala rayonu 3-cü Tala kəndində anadan olub. 1979-cu ildə 1-ci sinifə gedib 8 il oxuyub. Əvvəlcə rayonda 172 saylı Peşə məktəbində çilingər, daha sonra isə sürücülük məktəbində oxuyub. Həqiqi hərbi xidmətini 1990-cı ildə sovet ordusunda edib. Rusiyanın Krosnayarski şəhərində, Daxili Qoşunlarda hərbi xidmət keçərək hərbi biliklərini artırıb.
1992-ci ildə hərbi xidmətini başa vuraraq, vətənə qayıdıb.
Bir müddət evdə təsərrüfat işləri ilə məşğul olub. Sonra isə birinci çağırışla Qarabağa, vətənin müdafiəsinə gedib. Müharibədə bir müddət vuruşduqdan sonra məzuniyyətə gəlib. Daha sonra 1993-cü ilin əvvəlində yenidən döyüşə gedib və onunla əlaqə tamamilə kəsilib.
Səməd deyir ki, Salehin boyu çox balaca olub. O, həddən artıq cəld və qorxmaz olub, döyüş yoldaşları deyir ki, gözündə qorxu olmayıb, hec nədən qorxmuyub. Şəhidin atası Nəbi , anası Gülcahan rəhmətə gediblər.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
395