ARİF RAMAZANOVLA ƏLBƏYAXA DÖYÜŞƏ BİLMƏYƏN ERMƏNİLƏR ONU SİLAHLA VURUBLAR.
Sovetlər birliyinin süqutuna az qalırdı ki, Qarabağda məlum hadisələr başlandı. Qarabağda ermənilər ərazi iddiasıyla ərazilərimizə hücum etməyə başladılar. Beləliklə də, Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi ki, xain qonşuları tərəfindən təcavüzə məruz qaldı. Və məcburən müharibəyə sürükləndi. Havadarlarının maddi və mənəvi dəstəyi, silah təchizatı sayəsində qeyri-bərabər döyüşlər başlandı. Nizamlı ordusu olmayan və silah-sursat çatışmamazlığı ilə qarşılaşan xalqımız, əliyalın da, olsa düşmən qarşısından qaçmadı, döyüşdü və şəhid oldular. Bu qeyri-bərabər savaşda xalqımız 20% torpaqlarını itirdi. Azərbaycan xalqı və dövlətimiz bu itgi ilə heç vaxt barışmayaraq, torpaqlarımızı geri almaq üçün hər gün hazırlaşdı.
Birinci Qarabağ savaşından sonra, otuz il idi ki, torpaqlarımız işğal altındaydı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və cəmi 44 gün davam edən İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı Azərbaycan ordusu öz qüdrətini yağı düşmənə döyüş meydanında göstərdi. Zəfərlə başa çatan Vətən müharibəsində qanı-canıyla şanlı tarix yazanlar birinci Qarabağ savaşında şəhid olan soydaşlarımızın da, qisasını aldılar. Vətən müharibəsində birinci Qarabağ savaşında şəhid olmuş Arif Ramazanovun da, qisası alındı və bu gün onun da, ruhu şaddır. Arif Ramazanov haqqında bildiyimiz bəzi məlumatları oxucularımıza da, təqdim etmək istəyirik. Şəhidimizlə bağlı daha ətraflı məlumatları isə onun qardaşı Tofiq Ramazanovla görüşümüz zamanı əldə etdik: qardaşım Ramazanov Arif İsmayıl oğlu 01.01.1973-cü ildə Zaqatala rayonu Gözbarax kəndində anadan olub. 1980-ci ildə Gözbarax kənd orta məktəbində 1-ci sinifə gedib. 1990 -cı ildə isə həmin məktəbin onuncu sinifini bitirib. Biz ailədə 10 uşaq olmuşuq, 4 qardaş 6 bacı.
Qardaşım əsgərliyə getməzdən əvvəl kənddə, kənd təsərrüfatı ilə məşğul olub. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əvvəl Bakıya, sonra Sumqayıtda, Nasosnuda xidmət etdi. Daha sonra isə Füzuli rayonu Qaraxanbəyli kəndində döyüşlərdə iştirak edib.
Arif Qarabağ müharibəsində Pulemyotçu olub. 1992 -ci il oktyabrın 8-də Füzuli rayonu Qaraxanbəyli və Mirzəcamallı kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub. Gözbarax kənd qəbirstanlığında dəfn olunub. Arif kəndimizin ilk şəhidi olub.
Ariflə bizim sonuncu görüşümüz kənddə oldu. Belə ki, o, böyuk qardaşımın qaynının toyuna gəlmişdi.Toydan 1 gün əvəlldə geriyə getdi.Sual verdim ki, niyə gedirsən? Dedi ki, heç kimə demə “boy” var. Dedim o nədir, dedi biz hücuma keçəcəyik heç kim bu barədə bilməsin. Öz döyüş yoldaşları haqqında danışdı. Dedi ki, qardaşım mən dostlarımı tək qoya bilmərəm.
O uşağın gözündə qorxu olmayıb. Ona hərbi xidmətdə “REMBO” deyirdilər.
Qardaşımın sonuncu döyüşü haqqında dostları bizə də, danışdılar. Deyir ki, erməniləri bombaladıq. Başladılar qaçmağa. Onlar qaçan erməniləri qovaraq, dağda tutublar. Ancaq ermənilər sayca çox olublar. Qardaşım da, qışqırıb ki, tez köməyə gəlin. Döyüş yoldaşları arasında Gəncəli oğlan olub, o, çox cəsur olub, yaxşı bir idmançı olub. O da, qardaşımın arxasınca ermənilərə çatıb, ancaq düşmən tərəfdə say çox olub. Qeyri-bərabər sayla əlbəyaxa döyüş olub. Əlbəyaxa gedən döyüşdə qalib gələ bilməyən ermənilər onu silahla vurublar və elə orada da, şəhid olub. Üçuncu adam hansı ki, sağ qalan, bu hadisəni gözlərilə görən bir qazimiz hadisə haqqında bizə danışıb. O, deyirdi ki, mən yaralıydım, neçə ki, huşumu itirməmişdim, hər şeyi görürdüm. Qardaşım Sonuncu damla qanına qədər döyüşüb.
Bir gün əvvəl mən onu yuxuda görmüşdüm. O, mənə dedi ki, qardaş mən ayın 8 -də toyda olacağam. Ancaq şəhid xəbəri gəldi. Mən onu yuxuda gördüm , mənə baxıb evin döngəsində gizlənirdi. Ayıldım səhər tezdən idi dedilər ki, qardaşın şəhid olub. Mən özüm də, hərbiçiyəm ehtiyatta olan mayor.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü