ŞƏHİD AKİF MUSAYEVİN RUHU ŞADDIR, ÇÜNKİ UĞRUNDA ÖLDÜYÜ VƏTƏN TORPAĞINDA AZƏRBAYCAN ƏSGƏRİ GƏZİR.
Xalqımız yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular.
Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muğanlı kənd sakini Musayev Akif Yəhya oğludur. Şəhid haqqında ətraflı məlumat toplamaq üçün Zaqatala rayonu Muğanlı kəndinə yollandıq. Akif Musayev haqqında əldə etdiyimiz bəzi məlumatları olduğu kimi oxucularımıza da, təqdim edirik:
Musayev Akif Yəhya oğlu 24.03.1969-cu ildə anadan olub. Muğanlı kənd orta məktəbini bitirib. Bundan əlavə peşə məktəbi və sürücülük məktəbini də, bitirib. Sovet ordu sıralarında əsgər olub. Rusiyanın İrkutsk şəhərində daxili qoşunlarda xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra vətəninə dönüb. Şəhidin kəndə, texnikaya çox böyük həvəsi var idi. Traktora həvəsi daha çox idi, onun bütün incəliklərini çox gözəl bilirdi, özüdə traktor sürüb.
Cavan mütəxəssis olduğuna görə kolxozun bütün texnikasını ona etibar edirdilər. 1992-ci ildə Birinci Qarabağ savaşına Akifi də, çağırdılar.
1993-cü ildə geri kəndinə gəlib. 1993-də, Akifin qardaşı Salamı çağırdılar döyüşə. Onda Akif hərbi komissarlığa gedərək, qardaşımın əvəzinə döyüşə mən gedirəm, dedi. Salam ailəli olduğuna görə o qardaşından gizlin gedib hərbi komissarlığa və onun ailəli olmasından danışıb. Həmin dövrdə atasını razı salıblar ki, guya belə olar. Qardaşı Salam bütün bunları sonradan bilib.
Akif müharibədə məşhur Qranatomiyotçu olub. 1994-cü il yanvarın 27-də Ağdərədə. Şiştəpə uğrunda gedən döyüşlərdə şəhid olub. Fevralın 3 -də Muğanlı kənd qəbristanlığında dəfn olunub.
Akifin orta məktəbdə oxumaqla heç arası olmayıb, deyib -gülən, heç kimin xətrinə dəyməzdi. Onlar ailədə 4 qardaş 1 bacı olublar. Şəhid ailədə ortancıl uşaq olub. Salamın oğlu Akif hal hazırda əsgərdi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Akif Musayevin də, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.