ŞƏHİD ƏHMƏD ABDULOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız,
xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muğanlı kənd sakini Abdulov Əhməd Abdul oğludur.
Əhməd haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Muğanlı kəndinə yollandıq. Ata ocağında yaşayan qardaşı Elxan və qardaşının həyat yoldaşı Şəlalə xanımla xeyli söhbətləşdik. Əhməd haqqında əldə etdiyimiz bəzi məlumatları olduğu kimi oxucularımıza da, təqdim edirik: Abdulov Əhməd Abdul oğlu 1970 -ci il martın 6-da Muğanlı kəndində anadan olub . Muğanlı kənd orta məktəbini bitirib.
Sovet ordusunda xidmət edib, sovet əsgəri kimi Sevastopolda xidmət edib. Hərbi dəniz qüvvələrində, xüsusən də, əsgər kimi xidməti hərbi dəniz donanmasında olub. Əsgərliyini bitirib geriyə, vətənə dönüb. 1991 -ci ildə baş çavuş kimi Gürcüstanda “ Aviabazada” işləyib. 1 il işləyib sonra geri qayıdıb. Həmin dövrdə hərbidən bir “uaz” və bir “zil” gətirib, milli orduya bağışlayıb. Əhməd Kaluqada aviasiya üzrə peşə təhsili də, alıb. Müharibə başlayan vaxtı gətirdiyi hərbi texnikaları bağışlayıb milli orduya və yenə də, bununla kifayətlənməyib. Evdə deyib ki, mən mütləq Qarabağa gedəcəyəm, öz vətənimə xidmət etməyə. Subay olub. 1992-ci il mayın 8-də,
Şuşada, yanacaq doldurma stansiyasında şəhid olub. Həmin hadisədən sonra nəşini gətirmədilər və itgin sayıldı.
Onlar ailədə 7 uşaq olublar 5 oğlan 2 qız. Şəhid Əhməd isə son beşik olub. Ata anası dünyasını dəyişib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Əhməd Abdulovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
357