ŞƏHİD MÜBARİZ MƏMMƏDOVUN RUHU ŞADDIR, ÇÜNKİ UĞRUNDA ÖLDÜYÜ VƏTƏN TORPAĞINDA AZƏRBAYCAN ƏSGƏRİ GƏZİR.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi.
Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yuxarı Tala kəndində məskunlaşan Mübariz Məmmədovdur. Şəhid haqqında ətraflı məlumat toplamaq üçün Zaqatala rayonu Yuxarı Tala kəndinə yollandıq. Mübariz Məmmədov haqqında əldə etdiyimiz bəzi məlumatları olduğu kimi oxucularımıza da, təqdim edirik:
Məmmədov Mübariz Aley oğlu 1959-cu ildə Gürcüstanın Dmanisi rayonunun Aşağı Qarabulaq kəndində anadan olmuşdur. Orta
məktəbi həmin kənddə bitirib əsgərliyə getmişdi. Arxangelskdə Daxili qoşunlarda xidmət etdikdən sonra, orada qalıb gizir işləyib. 4 il gizir işlədikdən sonra, Yaroslava gəlib polis serjant olub. 1993-cü il martın 23-də Ağdam rayonunda kəşviyyat zamanı itgin düşüb.
Şəhidimiz haqqında daha ətraflı məlumatı isə onun qardaşı Məhəmməd ilə söhbət zamanı əldə etdik: Qardaşım Məmmədov Mübariz Aley oğlu 1959-cu ildə Gürcüstanın Dmanisi rayonunun Aşağı Qarabulaq kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirib hərbi xidmətə, əsgərliyə getmişdi. Arxangelskdə Daxili qoşunlarda xidmət etdikdən sonra, orada qalıb gizir işləyib. 4 il gizir işlədikdən sonra, Yaroslava gəlib polis serjantı olub.
Qarabağ müharibəsi başlayanda dedi ki, gedək Vətənə, borcumuzu verməyə. 1991-ci ildə gəldik Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra, Yuxarı Tala kəndində qeydiyyata düşdük. Yoxlamadan keçdikdən sonra qardaşım Zaqatala batalyonuna qoşuldu, mənim gözüm zəif olduğu üçün məni aparmadılar. Mən evdə qalıb ata anama baxdım. Qardaşım 6 ay sonra məzuniyətə gəldi amma yaralı idi. 10 gün müalicə aldıqdan sonra yenidən müharibəyə getdi. Bu dəfə cəbhədə, şiddətli döyüşlərdə yenə yaralandı. Müalicə aldıqdan sonra yenidən getdi. Rus dilini yaxşı bildiyi üçün kəşviyyata gedirdi. Boris ləqəbi vardı. 1993-cü il martın 23-də Ağdam rayonuna kəşviyyata gedib ancaq geri qayıtmayıb , itgin düşüb.
Qardaşım çox vətənpərvər idi, Rusiyada ailəli idi, bir övladı da, vardı. Polis işini buraxıb gəldi ki, Vətəninə xidmət etsin. Kəşviyyatçı kimi xüsusi hörməti olub. Uşaqlıqdan hərbiyə meyilli olub, hərbi formasını çox sevərdi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Mübariz Məmmədovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü
315