ŞƏHİD ŞAKİR RƏHİMOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Xalqımız yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin
hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Dağlı kənd sakini Rəhimov Şakir Məmməd oğludur.
Şakir haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonunun Dağlı kəndinə yollandıq.
Şəhidimizin anasə Gülsənəm xanımla xeyli söhbətləşdik. Ailədə 6 uşaq olublar 4-ü oğlan 2-si qız. Şakir əkiztayı idi, onun tayı qız olub. O, uşaqlardan 3-cü idi. Oğlumla bağlı dəqiq məlumatlara gəldikdə isə,
Rəhimov Şakir Məmməd oğlu 1974-cü il fevralın 19-da Zaqatala rayonunun Dağlı kəndində anadan olub. 1981-ci ildə Dağlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ilin iyununda həqiqi hərbi xidmətə gedib. Avqust ayında məzuniyyətə gəlmişdi.
Sentyabrın 29-da isə itgin düşüb. Oğlumu Ağdərə, Çıldıran ətrafında uzun müddət axtardım, amma tapmadım.
Döyüş dostları ilə xeyli sorğu-sual etdim, onlar da, dedi ki, biz yaralı olmuşuq. Şakir döyüş zamanı yaralı döyüş yoldaşlarını ortada qoymadığına görə, onları xilas etmək üçün yenidən döyüşə girib, və itgin düşüb.
Hamı kimi onun da böyük arzuları var idi. Deyirdi ki, Qaxa traktorçuluğu oxumağa getmək istəyirəm. Fotoaparatı olub yaxşı şəkillər çəkirdi. Bu sahəyə çox meyilli idi.
Şakirin adını yaşatmaq üçün nəvəmə qoymuşam.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Şakir Rəhimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.