ŞƏHİD ARZU MURADOVUN RUHU ŞADDIR—44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Bəhmətli kənd sakini Muradov Arzu Vələddin oğludur.
Arzu haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Bəhmətli kəndinə yollandıq. Kənd camaatı ilə xeyli söhbətləşdik. Şəhidimiz haqqında öyrəndiyimiz qısa məlumatları oxucularımıza da, təqdim edirik:
Muradov Arzu Vələddin oğlu 1974-cü ilin yanvarın 19-da Zaqatala rayonunun Bəhmətli kəndində anadan olmuşdur. Bəhmətli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. Goranboy, Laçın, Füzuli, Tərtər cəbhələrində vuruşmuşdu. 19 may 1994-cü il tarixində Füzuli rayon ərazisində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.
Bəhmətli kənd qəbirstanlığında dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Arzu Muradovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.