ŞƏHİD ƏLƏDDİN CAVADOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Bəhmətli kənd sakini Cavadov Ələddin Cavad oğludur.
Ələddin haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Bəhmətli kəndinə yollandıq. Şəhidin qardaşı Cüməli Cavadovla görüşüb xeyli söhbətləşdik: biz ailədə 10 uşaq olmuşuq 6 oğlan 4 qız. Ələddin ortancıl olub. Qardaşım uşaqlıqdan at belində böyüyüb, çox vətənpərvər olub. Mənim onunla 19 yaş fərqimiz var idi. Böyüklərimiz deyirdi ki, Ələddin sözə baxan olub. Hamımız onu çox istəmişik. Qardaşım haqqında rəsmi məlumatlara gəldikdə isə, Cavadov Ələddin Cavad oğlu 1970-ci il aprelin 12 -də, Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. 1977-1987-ci illərdə kənd orta məktəbində oxuyub. İlqar bir müddət Kolxozda da, işləyib. Sonra 1988-90-ci illərdə sovet ordusunda Ukraynanın Nikalayev şəhərində xidmət edib. 1990-cı ildə əsgərlikdən qayıdıb yenədə kolxozda işləməyə başladı. 1993-cü il aprel ayında Qarabağa getdi, əvvəlcə Ağdərədən başladı vuruşmağa.
Son döyüşü Tərtərdə olub. Qardaşım Ələddin Cavadov tanınmış Kəşviyyatçı olub. Döyüş yoldaşları arasında xüsusi hörməti olub. Minaya düşərək şəhid olub. Həmin vaxt kəşviyyat qrupunun komandiriylə danışdıq. Dedi ki, gözündə qorxu olmayan bir adamdı.
Sonuncu dəfə Kəşviyyata gedən vaxtı Ələddin irəlidə olub. Qrupda 3 nəfər olublar. Ortada gələn əsgər minaya ayaq basdığı üçün hər üçü-də şəhid olublar. Hətta həmin günü komandirləridə şəhid olub. Döyüş zamanı bir dəfə evə gətirdik. Yuyundu iki gün qaldı və yenidən geri getdi.
Qardaşım 1993-cü il dekabrın 27-də şəhid olub. Hazırda Bəhmətli kənd orta məktəbi onun adını daşıyır. Atamız Cavad və anamız Lyoza xanım rəhmətə gediblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ələddin Cavadovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.