ŞƏHİD ORUC KƏRİMOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Bəhmətli kənd sakini Kərimov Oruc Rizvan oğludur. Oruc haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonunun Bəhmətli kəndinə yollandıq. Şəhidin bacısı Məryəmlə qardaşı haqqında xeyli söhbətləşdik. Şəhidimiz haqqında bildiyimiz bəzi məlumatları oxucularımıza da, təqdim edirik: Kərimov Oruc Rizvan oğlu 1961-ci il martın 21-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Ailədə 9 uşaq olublar 5 oğlan 4 qız. Qardaşlardan ən böyüyü Oruc olub. Anası Çiçək və atası Rizvan rəhmətə gedib.
Bacısı Məryəm qardaşı haqqında: qardaşım fiziki cəhətdən çox güclü idi. Mənimlə bir yerdə böyüdük, aramızda bir yaş fərqimiz olub. Evdə və çöldə hamıyla yaxşı münasibəti olub. Onu hamı çox istəyirdi. O, bir müddət Mingəçevirdə işlədi, mənim rəfiqəm Ucarlıydı, onun bacısını görüb, bəyəndi və ona elçi düşdü. Yeganə ilə ailə qurdu, iki oğlu da, var. Təxminən bir il Mingəçevirdə işlədi və sonra cəbhəyə getdi. Qarabağda aktiv döyüşlərdə iştirak edib, snayperlə başından vurulub. 1994-cü il aprelin 16-da şəhid olub, aprelin 17-də isə, Bəhmətli kənd qəbirstanlığında dəfn olunub. Ata-anamız onun dərdini çəkə bilmədilər, erkən dünyalarını dəyişdilər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Oruc Kərimovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.