ŞƏHİD ZİYAD MOLLAÇIYEVİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Üçüncü Tala kənd sakini Mollaçıyev Ziyad Məmmədəmin oğludur.
Ziyad haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Üçüncü Tala kəndinə yollandıq. Şəhidin qardaşı Rüstəmlə görüşüb, onun haqqında xeyli söhbətləşdik:
Mollaçıyev Ziyad Məmmədəmin oğlu 23 yanvar 1970-ci ildə Üçüncü Tala kəndində anadan olub. 1977-85-ci illərdə orta məktəbdə 8 illik təhsil alıb. Daha sonra isə, peşə məktəbinə, traktorçuluq peşəsinə yiyələnmək üçün getdi. 1988-ci ildə Ulan-Ude şəhərinə sovet ordusunda hərbi xidmət etməyə getdi. 1990-cı ildə geriyə, vətəninə gəldi. Və Kənd təsərrüfatı ilə məşğul oldu. 1992-ci ildə ilk dəfə səfərbərliklə müharibəyə getdi. Qazax rayonunda, Kotandağında oldu. Gəldi evə, yenidən qayıdanda isə, Ağdama getdi. 1994-cü il aprelin 16-da Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə itgin düşüb. Mən özüm də, 1993-cü ildə Güllücədə döyüşürdüm. Xəstələnib evə gəldim, Qardaşımı axtardıq,Tovuz, Qazax, Ağdam və s yerlərdə axtardıq.Onun komandiri Nüsrət Nəbiyev Balakən rayon Katex kəndindən idi. Onu çox tərifləyirdi. Komandiri deyirdi ki, Ziyad şəhid olub meyidi götürə bilmədik.
Biz ailədə 7 uşaq olmuşuq, 5 oğlan 2 qız.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ziyad Mollaçıyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.