14 may 2022-ci il... Dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi. İki qardaş ölkənin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyənin reallaşdırdığı möhtəşəm layihənin - dəniz üzərində inşa edilən nəhəng Rize-Artvin Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər. Dünya bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyinə şahid oldu. Bu həmişə belə olub, bu gün də, sabah da, gələcəkdə də bu birlik əbədi, sarsılmaz olmaqla Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də...
Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında, müsahibələrində və görüşlərində və dəniz üzərində inşa edilən nəhəng Rize-Artvin Hava Limanının açılışı zamanı çıxışında bir daha dünyaya ünvanlı ismarıcını etdi: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də...".
Çünki həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün Azərbaycan və Türkiyə Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdədir. El arasında gözəl bir məsəl var, “yaxşı dost dar gündə sınanar!”. Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlər arası münasibətlərə də şamil etmək olar. Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi.
İstər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə, istərsə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni taleni yaşayır. Və bütün dünyaya bir daha məlum oldu ki, ulu öndər Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları sadəcə olaraq sözdən ibarət deyildir.
Xüsusilə, dünyanın böyük ölkələrində özlərinə yetərincə havadar toplayan ermənilər 1986-cı ildən bu yana beynəlxalq hüquq normalarını açıq-aşkar çığnayaraq yeritdiyi işğalçılıq siyasəti, qondarma “Dağlıq Qarabağ” problemi və Türkiyəyə qarşı bədnam “erməni soyqırımı” ilə bağlı cəfəng iddialarla regionda münasibətlərin normallaşmasına əngəl olurdu. Ulu Öndərimizin uzaqgörən siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə siyasəti bu beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə zəfərlə həll etdi. Prezidentimizin başçılığı ilə xalqımız öz vətəninin, dövlətinin müdafiəsinə qalxdı və ermənilərdən işğal etdikləri torpaqlarımızı geri aldıq. Dövlət başçımızın söylədiyi kimi: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı”.Bu gün Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri yüksək müttəfiqliyin bariz nümunəsidir. Belə ki, ötən il iyunun 15-də imzalanmış Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu Bəyannamə həm də Ermənistana və onun havadarlarına bir mesajdır. Həmçinin, Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.
Həmçinin, Türkiyəə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında iştirak etməsi, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, həmçinin Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması və mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində etməsi dediklərimizin bir daha təsdiqidir.
Bir sözlə, bu gün dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsi olmaqla, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir və bundan sonra da Türkiyə ilə Azərbaycan həmişə, çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq.
FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının məsləhətçisi