ŞƏHİD MAHİR ASLANOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Üçüncü Tala kənd sakini Aslanov Mahir Aslan oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Üçüncü Tala kəndinə yollandıq. Mahir Aslanovun anası Həlimət xanımla görüşüb, xeyli söhbətləşdik: ailəmizdə yeddi uşaq olub onlardan beşi oğlan, ikisi isə qız olub. Mahir ortancıl uşaq olub. Bu oğlum digərlərindən çox fərqlənirdi, dəcəl deyildi sakit biriydi.
Oğlum Aslanov Mahir Aslan oğlu 1974-cü il sentyabrın 7-də Üçüncü Tala kəndində anadan olub. 1981-ci ildə 1-ci sinifə gedib, 8 il oxuyub, daha sonra isə, yəni 1989-cu ildə, peşə məktəbinə qəbul olub.
1994-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Əvvəlcə çəkisi çatmırdı deyə əsgərliyə çağırılmırdı. Ancaq sonra müharibəyə görə, hərbi xidmətə çağırıldı.
Mahir əvvəlcə Sumqayıtda, Nasosnuda xidmət edib. Bir ay sonra isə cəbhə bölgəsinə gedib. Qarabağın bir neçə rayonunda olub.Tərtər istiqamətində gedən döyüşlərdə itgin düşüb.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Aslanov Mahir Aslan oğlunun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.