ŞƏHİD RÖVŞƏN HƏSƏNOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Uzuntala kənd sakini Həsənov Rövşən Əsildar oğludur.
Rövşən haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Uzuntala kəndinə yollandıq və kənd camaatı ilə onun haqqında xeyli söhbətləşdik. Rövşən Həsənov haqqında əldə etdiyimiz məlumatları oxucularımıza da, təqdim edirik: Həsənov Rövşən Əsildar oğlu 1971-ci il oktyabrın 2-də Zaqatala rayonunun Uzuntala kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə Uzuntala kənd məktəbində təhsil almışdır. 08.08.1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ağdam, Ağdərə, Tərtər, Füzuli bölgələrində qanlı döyüşlərdə iştirak edib. Füzuli rayonu Horadiz qəsəbəsində xidməti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Zaqatala rayonu Uzuntala kəndində dəfn olunub. Uzuntala kənd orta məktəbi Rovşən Həsənovun adını daşıyır. Onu yaxından tanıyanlar deyirdilər ki, Rövşən hələ kiçik yaşlarından cəldliyi və çevikliyi ilə fərqlənirdi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Rövşən Həsənovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.