ŞƏHİD HEYDƏR HƏBİLOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Mosul kənd sakini Həbilov Heydər Nizamuddin oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Mosul kəndinə yollandıq.
Şəhidin Atası Nizamuddin, Anası Nari və qardaşı İslamla keçən günləri yada salaraq, xeyli söhbətləşdik:
Həbilov Heydər Nizamuddin oğlu 1965-ci il may ayının 13-də Zaqatala rayonunun Mosul kəndində anadan olub. Biz ailədə doqquz uşaq olmuşuq, altı oğlan üç qız. Heydər ailədə ortancıl uşaq olub.
Qardaşım 1972-1982-ci ildə Mosul kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra “Komsomot” kolxozunda işləmişdir. 1983-1985-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1990-cı ildə sürücülük məktəbində təhsil alaraq, sürücü peşəsinə yiyələnmişdir.
Heydər Həbilov qısa bir müddətdə çalışdığı kolxozda qabaqcıl mexanizator kimi tanınmışdır. 1985-1991-ci illərdə Gürcüstan Respublikasının Sitel-Skaro rayonunda tikinti quraşdırıcısı işləmişdir. 1993-cü ilin oktyabr ayınadək Komsomot kolxozunda traktor briqadiri olmuşdur.
1993-cü ilin noyabr ayında, könüllü olaraq, cəbhəyə getmişdir. Beyləqan, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvarın 26-da Şişqaya yüksəkliyi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur.
Mosul kənd qəbirstanlığında dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Heydər Əbilovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.