ŞƏHİD ŞAMİL ÖMƏROVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Uzuntala kənd sakini Ömərov Şamil Şaban oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Uzuntala kəndinə yollandıq. Kənd camaatıyla şəhid Şamil Ömərov haqqında xeyli söhbətləşdik. Şəhidimiz haqqında əldə etdiyimiz məlumatları oxucularımıza da, təqdim edirik:
Ömərov Şamil Şaban oğlu 16 oktyabr 1973-cü ildə Zaqatala rayonunun Uzuntala kəndində anadan olmuşdur. 1979-1990-cı illərdə Uzuntala kənd orta məktəbində təhsil almışdır. 1992-ci il Oktyabrın onunda isə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ağdərə Sərsəng su anbarı istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib. 19.02.1993-cü ildə Qarabağda itkin düşüb. Bu günə qədər Ömərov Şamil Şaban oğlundan hec bir məlumat yoxdur.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ömərov Şamil Şaban oğlunun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda sonadək döyüşdüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.