ŞƏHİD ASİF QURBANOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Sumaylı
kənd sakini Qurbanov Asif Arif oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Sumaylı kəndinə yollandıq. Və şəhidin ailəsiylə görüşüb, xeyli söhbətləşdik. Anasının səhhəti ürəkaçan deyildi, ayağının birini amputasiya ediblər. Ailə üzvlərindən öyrənə bildik ki, Qurbanov Asif Arif oğlu 1974-cü il fevralın 17-də Zaqatala rayonu Sumaylı kəndində anadan olub. Ailədə beş uşaq olublar, onlardan üçü oğlan ikisi qız olub, Asif uşaqlardan ortancıl olub.
1981-1991-ci illərdə Sumaylı kənd orta məktəbində oxuyub. Orta məktəbdə yaxşı oxuyub. Ancaq ali məktəbə qəbul ola bilməyib. Əvvəlcə Bakıya gedib, 12 saylı Texniki Peşə məktəbinə daxil olmuşdur. Hazırlaşmaq gələn il Ali məktəbə qəbul olmaq arzusu isə ürəyində qaldı.
1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1994-cü il aprelin 10-da Tərtərdə, Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
1994-cü ilin əvvəlində bir dəfə evə gəlib 3 gün qalıb sonra yenidən gedib döyüşə. Bu onunla sonuncu görüş olub. Sumaylı kənd klubu Asifin adını daşıyır.
Asif Birinci Qarabağ savaşında daha çox Tərtər, Ağdərə bölgəsində olub.
Bacısı Gülmira: qardaşım çox tərbiyəli idi, xasiyyətcə anasına oxşayırdı çox rəhimli olub.
Böyüklərə çox hörmət qoyan olub. Kiçiklərə də diqqət göstərərdi. Hamı onun xətrini istəyib.
Anası: oğlum təndir çörəyini çox sevərdi və meyvələrdən də, heyvanı çox istəyərdi. Talış kəndinə də, təndir çörəyi bişirib göndərirdim. Nəvəmə, qardaşı oğluna şəhidin adı verilib. Kənd Təsərrüffatına çox meyli olub. Mal- heyvana yaxşı baxar, sevərək qulluq edərdi.
Uşaq vaxtından elektrotexnikaya meyli varıydı. Televizorumuz işləməyəndə söküb özü düzəldərdi. Məzuniyyətə gələn vaxtı, əvvəlcə qonşu kənddə Mömin adlı şəhid var idi, onun qəbrini ziyarət edib sonra evə gələrdi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Asif Qurbanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.