Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin Diaspor info-ya müsahibəsini təqdim edirik:
- Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Görüşdə hansı məsələlər müzakirə oluna bilər?
-İki gün sonra Brüsseldə keçiriləcək görüşlə bağlı məlumat son anda bilindi. Bu da onu göstərir ki, bu, nəzərdə tutulan bir görüş deyildi. Deməli, müəyyən qədər narahatçılıq mövcuddur. Ötən dəfə keçirilən Brüssel görüşündən sonra Paşinyanın bir çox cəsarətli çıxışlarının şahidi olduq. Amma elə həmin səfərdə razılığa gəlinmişdi ki, hər iki ölkə xarici işlər nazirinə delimitasiya və demarkasiya prosesi ilə bağlı komissiyaların tərkinin müəyyən olunması və aprel ayının sonunda bu komissiyanın işə başlanması barədə göstəriş verməlidir. İki gün öncə cənab Prezidentin açıqlamalarında qeyd etdiyi kimi, iki dəfə bu komissiyaların yeri və vaxtı ilə bağlı konkret razılıq əldə olunsa da, son anda ermənilər görüşdən imtina ediblər. Hazırda Azərbaycan-Ermənistan münasibətilərinin tənzimlənməsində Rusiya və Avropa İttifaqının da maraqlı olduğunu görürük.
Artıq Ermənistan tərəfinin 5 tələbə razı olduqdan sonra 6-cı bir tələbi ortaya çıxarmaları və bu tələblər arasında Qarabağda ermənilərin təhlükəsizliyi və statusu məsələsinin olması Azərbaycanın ərazi bütövlüyünün tanınmaması deməkdir. Bu məsələləri biz həll edə bilərik.
- Ermənistanda həftələrdir davam edən aksiyalar fonunda bu ölkənin Azərbaycanla sülh bağlamaq şansını necə qiymətləndirirsiniz?
- Hazırda baş verən proseslərdən belə nəticəyə gəlmək olur ki, Ermənistan hökuməti sülh sazişi imzalamaqdan boyum qaçıracaq. Yəni, sülh müqaviləsi yaxın zamanlara təsadüf etməyəcək. Çünki meydandakı hərəkat və çıxışlar artıq Paşinyanın mövqeyində dəyişiklik yaradıb. Belə olduqda ağıllarda bir sual yaranır: "Bəlkə meydandakıları elə Paşinyan və onun komandası idarə edir?" Paşinyana da bəlkə də sülh prosesini uzatmaq üçün xalqın hazır olmadığını qeyd etmək sərf edir. Belə olan halda müharibə qaçılmazdır. Amma biz nə əvvəl, nə də indi müharibə tərəfdarı deyilik. Ermənistan baş verən hadisələrdən dərs çıxarmayıb. Ermənistan xalqının iqtisadiyyatının inkişafı, sosial problemlərinin həlli Azərbaycanla, eyni zamanda, Türkiyə ilə xoş münasibətdən keçir. Ermənistan iddialarından əl çəkməli və Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Zaman Ermənistanın əleyhinə işləyir.
- Ermənistan dövləti rus sülhməramlılarına nə dərəcədə arxayın ola bilər?
- Rusiya sülhməramlıları birmənalı olaraq erməniləri və separatçıları dəstəkləyir. Rus sülhməramlıları gəldiyi gündən etibarən ermənilərin xilaskarı obrazını yaradıb. Onlara sosial və iqtisadi problemlərində kömək edir, şəhərciklər salır, heykəllər qururlar. Hərbi separatçı qüvvələr onların gözü qarşısında postlara gedib-gəlir, amma onların tərksilah olunması ilə bağlı hər hansı bir addım atmırlar. Belə bir nəticəyə gəlmək olar ki, rus sülhməramlıları öz üzərinə burada sülh yaratmaq üçün deyil, sadəcə erməniləri müvəqqəti olaraq qorumaq vəzifəsi götürüblər.
- “Azərbaycan tərkibində Qarabağdakı ermənilərin heç bir gələcəyi yoxdur” iddiaları nəyə hesablanıb?
- Onlar hesab edirlər ki, uzun illər düşmənçilik etdiyi bir dövlətin ərazisində qalıb yaşamaq çox çətindir. Amma biz qeyd edirik ki, cinayət işlərində adları keçməyən və münaqişəyə qədər burada məskunlaşmış olan ermənilər həmin ərazidə yaşaya bilərlər. Biz hər zaman onlara şərait yaratsaq da, onlar bizə arxadan zərbə endiriblər. Ona görə də abırlarına kor olmaq istəyirlərsə, sakitcə getsə yaxşıdır. Amma aralarında səhvini etiraf edib orada qalmaq istəyənlər varsa, Azərbaycan qanunlarına hörmət etmək, milli münasibətlər zəminində bir-birlərinə qarşı ehtiram göstərmək şərtilə qala bilərlər. Amma bundan sonra özünə azərbaycanlı deyən heç bir vətəndaş onlara qarşı əvvəlki sevgi, diqqət və qayğını göstərməyəcək.
Müəllif: Ləman Əlizadə