Dövlət başçısının Sərəncamı ilə Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manat ayrılıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın dövr ərizində xarabazara çevrilmiş torpaqlarımız bu gün yenidən qurulur və böyük canlanma müşahidə olunmaqdadır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edir və bunun üçün artıq dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırılır. Təhsil müəssisələrinin inşası ilə bağlı tədbirlər də davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir. Məktəbin tikintisi cari ilin dekabr ayında yekunlaşacaq. Eləcə də Ağdam şəhərlərində məktəb tikintisi davam etdirilir. Hər iki şəhərdə ümumilikdə 960 şagird yerlik təhsil müəssisələri inşa olunur. Zəngilan rayonunun Ağalı kəndində isə həyata keçirilən "Ağalı kənd" layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur. Dövlət başçısı "Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
1881-Cİ İLDƏ ŞUŞADA 6 SİNİFLİ REAL MƏKTƏBİN ƏSASI QOYULDU
Xatırladaq ki, Şuşa Real Məktəbinin yaranma tarixinə nəzər salsaq görərik ki, XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Məktəblərin təsiri və maarifin inkişafına cəhd baxımından Azərbaycanın Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, demək olar ki, ən ilkin yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi. XIX əsrin 80-ci illərində Azərbaycanda cəmi bir real məktəb və bir klassik progimnaziya fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənayə və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Bu tələb və ehtiyac Şuşada özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələb get-gedə artırdı. Şuşa şəhər sakinlərinin təhsilə olan ciddi-cəhdinə və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və bu ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür. Beləliklə, 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsası qoyuldu. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi ki, onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi.
AZƏRBAYCANA GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR YETİRƏN TƏHSİL OCAĞI
Şuşa məktəbi dövrünün nümuməvi maarif ocağı sayılırdı və buna görə də Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmiş, onlar tədrislə maraqlanmış və aydın olmuşdur ki, məktəbdə üzürlü və üzürsüz dərs buraxanların faizi 7,64-dür. Ümumiyyətlə, bu faiz xalqın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq dinin qadağan qanununa əhəmiyyət vermədən, başqa xalqların dillərini də öyrənir. Həmin dində danışmağa və oxumağa cəhd göstərirdilər. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Məktəbin müəllimləri Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzəro və Haşım bəy Vəzirov olmuşdur.
Burada təhsil almış şagirdlər də onlara dərs deyən müəllimləri kimi sonradan məşhur şəxslər kimi tanınıblar. Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski və başqaları fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.
Öz missiyasını uğurla həyata keçirən, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər, bəxş edən Realnı Məktəbin binası sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilmişdir. Belə ki, Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərmişdir.
1992-ci ildə Şuşa işğal olunduqdan sonra Azərbaycan təhsilinin inkişafına əvəzsiz töhfələr vermiş Şuşa Realnı Məktəb erməni vandallığına məruz qalaraq xarabazara çevirib. 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrətinə son qoyuldu və bu gün işğaldan azad olunan ərazilərimizdə aparıan abadlıq-quruculuq işləri çərçivəsində təhsil müəssisələrimiz də yenidən qurulur. Doğma, əzəli torpaqlarımızda işıqlı gələcəyimiz aydın görünür.
Nəzakət ƏLƏDDİNQIZI