VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD NƏCƏF ASLANOVUN DA QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Yengiyan kənd sakini Aslanov Nəcəf Zəmail oğludur.
Nəcəf haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Yengiyan kəndinə yollandıq.
Şəhidimizin qardaşı Turab Aslanovla görüşüb, xeyli söhbətləşdik. Aslanov Nəcəf Zəmail oğlu 1972-ci il oktyabrın 11-də Zaqatala rayonunun Yengiyan kəndində anadan olub. Ailədə 7 uşaq olublar 4 oğlan 3 qız, Nəcəf ortancıl övlad olub. 1990-cı ildə sovet ordusunda, Almaniyada hərbi xidmət edib. 1992-ci ildə evə gəlib, bir ay istirahət edib, sonra isə könüllü olaraq, Qarabağa gedib: Bir neçə dəfə evə gəldi saqqallı idi, mühasirədən çıxıb evə gəlmişdi. Bir müddət evdə qaldı, bir neçə gün sonra yenidən cəbhəyə, döyüşlərə getdi. Əliabaddan Fazil Cumayev adlı bir əsgər ağır yaralı olub, Nəcəf gedib onu sürüyərək döyüş meydanından çıxarıb.
Nəcəf şəhid olduqdan sonra, onun nəşi ermənilər tərəfdə qalmışdı. Odur ki, Dayım oğlu cəbhəyə gedib, ermənilərlə əlaqə saxladı və meyidin dəyişdirilməsi üçün ermənilərə xeyli pulda verildi. Bu tərəfdən erməni meyidi aparılsa da, onlar meyidin dəyişdirilməsi üçün yenə də, pul aldılar.
Yengiyan kəndində hazırda bələdiyyə sədri olan, yaradıcı bir xanım da, bizimlə söhbət etdi. Xuraman xanım da, şəhidlə bağlı öz fikirlərini bizimlə bölüşdü:” Bütün yüksəkliklərdən uca dayanan bir zirvə var-Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur.Yalnız müqəddəs amallar uğrunda çarpışan , qorxu nə olduğunu bilməyən, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli , ləyaqətli insanlar bu zirvəyə yüksələ bilər.
Yengiyanda iki qəbirstanlıq var. Hər qəbristanlıqda bütün məzarlardan seçilən bir məzar var. O, məzarların yuxarı başında Azərbaycan bayrağı dalğalanır. Bu məzarlar Yengiyan şəhidlərinin məzarlarıdı. Yengiyanın ilk şəhid balası Nəcəf Aslanovdur. Bu qəhrəmanlıq salnaməsi sizinlə başladı, qardaş. İlk tarixi siz yazdınız. Ruhun şad olsun şəhidim,- deyirəm . Yengiyan kənd orta məktəbini nümunəvi və çalışqan şagird kimi bitirib. Nəcəf Bakıda 20 yanvar faciəsi baş verən vaxtı böyük həyəcanla izləyərmiş xəbərləri. 1990-1992-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət borcunu yerinə yetirdikdən sonra cəbhəyə vətənini qorumağa yollandı. Minaaxtatan idi Nəcəf. Ağdam, Ağdərə, Füzuli uğrunda döyüşlərdə mərdliklə iştirak etdi. O yaxşı bilirdi ki, döyüş tapşırıqları ağır olacaq. Bilirdi ki, heç vaxt , heç kimə acımayan ölüm onu sabaha, günəşə, sevgiyə həsrət qoya bilər. Amma o, döyüş yolunu fəxrlə addımladı. Ölümün uzunə dik baxaraq, bu şərəfli yolu addımladı.
29 may 1994-cü il bu tarix Yengiyan kəndinin hər bir sakinini qəlbində silinməz iz qoydu. Ağrılı-acılı şəhid soraqlı bir iz, Nəcəf Ağdamda qəhrəmanlıqla şəhid oldu, dedilər. İlahi, Necə də ağırdı bu acı xəbəri valideynlərinə çatdırmaq.Zəmail ata və Xədicə ana oğlunun sorağını döyüş yoldaşlarından aldı.
Nəcəf Aslanovun adı şəhidin təhsil aldığı məktəbə verildi. İndi məktəblilər Yengiyanın şəhid oğlunun adını daşıyan məktəbdə fəxrlə oxuyurlar. Nəcəf Aslanovun şəhadətə qovuşmasından artıq illər keçir. Qardaşının oğlu Nəcəfin adını daşıyır. Ata Zəmail sağdır, ana Xədicə(xaycə) isə rəhmətə gedib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nəcəf Aslanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.