VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD AYDIN MUXTAROVUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Muxtarov Aydın Şaban oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq və onun qardaşı Cuma ilə xeyli söhbətləşdik: biz ailədə dörd uşaq olmuşuq, üç oğlan bir qız. Aydın çox işgüzar idi. Boş oturmağı heç sevməzdi. Meşəyə gedər müxtəlif meyvələrdən, o cümlədən, qoz-şabalıd yığaraq, satardı. O ki, qaldı onun haqqında statistik məlumata: Qardaşım Muxtarov Aydın Şaban oğlu 1974-cü il may ayının 29-da anadan olub. 1981-89-cu illərdə Zaqatala rayonu bir saylı internat məktəbində 8 il oxuyub. Daha sonra 1992-ci ildə peşə məktəbində çilingər peşəsinə yiyələnmək məqsədilə təhsil alıb. 1992-ci il oktyabrın 16- da həqiqi hərbi xidmətə gedib. 1993-cü ildə Fərrux dağı ətrafında gedən döyüşlərdə itgin düşüb.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Aydın Muxtarovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.