Mayın 22-də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti - ötən ilin dekabrından bəri üçüncü görüş keçirildi və əhatəli müzakirələrlə yadda qaldı. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də ölkəmiz diktə edən tərəf oldu. Brüsseldə baş tutan görüşdə yadda qalan və xalqımız tərəfindən rəğbətlə qarşılanan məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Vətən müharibəsində qazandığımız tarixi qələbənin reallıqlarından biri də “Dağlıq Qarabağ” ifadəsinin birdəfəlik yox olmasıdır. Həm görüşdə, həm də Bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun adının keçməməsi də mühüm məqam kimi vurğulanmalıdır. Məhz Azərbaycan lideri həmsədrlərin artıq “pensiyaya çıxmalı olduqlarını”, onların görəcəyi bir iş qalmadığını söyləyib. Başqa bir məqam Brüssel görüşündə və Aİ Prezidentinin Bəyanatında son vaxtlar Fərrux kəndi ətrafında yaşanan gərginliyə toxunulmamasıdır. Avropa İttifaqı da, onun lideri də Qarabağda baş verənlərin artıq Azərbaycanın daxili işi kimi qəbul etmiş görünür. Əgər Ermənistan əvvəllər “Dağlıq Qarabağ” ifadəsini işlədərək onun müstəqilliyindən bəhs edirdisə, indi danışıqlarda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları və digər məsələləri müzakirə edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir və ermənilər də Azərbaycanda yaşayan bütün digər xalqlar kimi eyni hüquqlara malikdirlər.
Görüşdə Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqlik göstəricisinin 25 faizə yaxın olması, birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətirməməsi və s. kimi məqamlara açıq şəkildə toxunulub. Təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də bu barədə Azərbaycana dəqiq məlumat vermir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatında saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb. Həmçinin, ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcəyi vurğulanıb. Bu Bəyanatı ilə cənab Mişel Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərmək niyyətində olduğunu bir daha təsdiqləyir. Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi Azərbaycan dövlətini düşündürən əsas məsələlərdən biridir. Ermənistan kütləvi məzarlıqların yerinin koordinatlarını Azərbaycana verəcəyinə dair əvvəlki görüşlərdə üzərinə götürdüyü öhdəliklərə əməl etməsə də, həm Azərbaycan lideri, həm də digər rəsmi şəxslər və qurumlar itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün səylərini kəskin şəkildə davam etdirir. İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə, 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Şarl Mişelin bəyanatında itkin düşmüş şəxslərlə bağlı problemlərin həlli, eləcə də Aİ-nin humanitar minatəmizləmə və bərpa-yenidənqurma işlərinə yardım göstərməyi davam etdirməklə bağlı fikirləri Aİ-nin Azərbaycanın marağında olan məsələlərə laqeyd olmadığını söyləməyə əsas verir.
Keçirilmiş bu görüşlər və danışıqlar Prezident İlham Əliyevin post münaqişə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı Bəyanatından aydın olur ki, konkret məsələlərlə bağlı artıq konkret razılaşmalar əldə olunub. budəfəki danışıqlarda ən çox müzakirə olunan məsələlərdən biri iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı oldu. Cənab Mişel ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini nəzərə alaraq 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayınınsonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir. Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə çıxış edib. Bununla bağlı Soçi görüşündə razılaşma olub, lakin İrəvanın qeyri-konstruktivliyi səbəbindən hələ də prosesə start verilməyib.Qeyd edək ki, Ermənistanın baş naziri Paşinyan artıq Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Ölkə başçımız İlham Əliyev də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Göründüyü kimi, üçüncü Brüssel görüşü artıq öz bəhrəsini verir.
Görüşdə Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpası və Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələnin də diqqət çəkən məqamlardan oldu. Prezident Şarl Mişel Bəyanatında qeyd edib ki, liderlər xüsusilə Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda kommunikasiya bağlantı infrastrukturunun bərpasını müzakirə ediblər. Cənab Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Bu görüşləri təşkil edən Avropa İttifaqı regional və qlobal əhəmiyyətli bir missiyanı həyata keçirir. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır. Komitə sədri bildirib ki, bütün bunların məntiqi nəticəsi olaraq, sülh müqaviləsinin imzalanmasına ümidlər artır.
Məlumdur ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Mərkəzi Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Aİ-nin Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz çıxış Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olub. Bu isə Azərbaycana Aİ ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır. Prezident İlham Əliyev növbəti qlobal platforma və dünyanın ən böyük siyasi-iqtisadi güc mərkəzlərindən olan Aİ ilə münasibətlərdə ölkəmizin maraqlarının maksimum şəkildə nəzərə alınmasına nail olaraq gələcək aylar və illər ərzində Cənubi Qafqazdakı prinsipial məsələlərdə bir çox qütbün Bakının ortaya qoyduğu reallıq üzrə hərəkət edəcəyi konturları cızmış oldu. Brüssel görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti uğurlu addım hesab etmək olar.
Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini