“Böyük təəssüf hissi doğurur ki, bu günə qədər Azərbaycanın işğal altındakı abidələrimizin vandallığa məruz qalmağı ilə bağlı çağırışlarına beynəlxalq təşkilatlardan heç bir reaksiya gəlmirdi. Günü bu günə qədər ABŞ Departamenti regionla bağlı bir hesabatlar hazırlayarkən, xüsusilə demokratiya və insan hüquqları ilə bağlı hesabatlarda Ermənistandakı əyri-əksiklikləri və hüquqsuzluqları görmək əvəzinə həmişə Azərbaycan əleyhinə böhtan xarakterli, heç bir real fakta əsaslanmayan dezinformasiyalar yayırdı”. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, ancaq bu gün təqdirolunan haldır ki, ABŞ Departamentinin 2021-ci illə bağlı açıqladığı hesabatda Qarabağda Azərbaycan abidələrinin ermənilər tərəfindən vandallığa məruz qalması aktı öz əksini tapıb: “ABŞ Dövlət Departamenti bununla kifayətlənməməlidir və hazırladığı hesabatlarda təkcə dini abidələrimizin deyil, eyni zamanda Azərbaycanın ekologiyasının və ərazi bütövlüyü strukturunun məruz qaldığı vəhşilikləri də öz hesabatlarına daxil etməlidir. ABŞ Dövlət Departamentinin bu açıqlaması əslində UNESCO-nun da daha fəal mövqeyini tələb edir. Amma təəssüflər olsun ki, Azərbaycan UNESCO ilə çox fəal əməkdaşlıq etsə də bu gün həmin təşkilat tərəfindən Azərbaycanın erməni vandallığına məruz qalmış dini-mədəni abidələrlə bağlı heç bir fakt ortaya qoyulmayıb.
Dəfələrlə biz UNESCO nümayəndəsini regiona dəvət etsək də, bu məsələdən yayınmağa çalışıblar. Düşünürəm ki, UNESCO-nun bütün dünyada öz nüfuzunu bərpa etməsi üçün Azərbaycan ərazilərində Ermənistanın işğalı dövründə bizim mədəni tariximizə və irsimizə qarşı törədilmiş vandallıq aktları araşdırılmalı və UNESCO birmənalı şəkildə buna qiymət qoymalıdır. Əksi olarsa, UNESCO-a olan bütün inam sıfıra enəcək”.
Müəllif: Səbinə Hüseynli
173