Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür. Təsadüfi deyil ki, cari il aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevə həmçinin bu mövzu ilə bağlı bir sıra suallar ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair mövqeyimizi ifadə edərək deyib: “Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı.
Hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Bu fikirləri Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.
Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair fikirlərini paylaşan dövlətimizin başçısı deyib: “Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var”.
Sonda Prezident İlham Əliyev bildirmişdir ki, buna çoxlu vaxt və çoxlu maliyyə vəsaitləri, o cümlədən sıx əlaqələndirmə, əməkdaşlıq və bütün iştirakçı ölkələrlə fəal dialoqların olması tələb olunur. Bunun üçün də Azərbaycan bütün görüləcək işlərə tam hazırdır.
Vüsal Hüseynov