PREZİDENT İLHAM ƏLİYEV: “Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək”
Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir. Həm də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Onlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binaları tikilib istifadəyə verilir.Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6 mindən çox şəhid ailəsi üzvünün və qazinin məşğulluğu həll edilib. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin edilib.“Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.Bir sözlə, sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılması, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillərin verilməsi, onların müalicəsi üçün reabilitasiya mərkəzlərinin açılması və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilməsi, ümumilikdə dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
YARALANANLARIN VƏ ŞƏHİD AİLƏLƏRİNİN TƏMİNATINA DƏSTƏK FONDUN - "YAŞAT" FONDUNUN 1 İLİ
Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 36 995 025 manatdan çox vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla, ümumilikdə, 14 579 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, həmin şəxslərin müraciətinin icra olunması üçün öhdəliklər götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə 23 257 853,41 məbləğində vəsait xərclənib. Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb.
“MƏN BÜTÖVLÜKDƏ DEYƏ BİLƏRƏM Kİ, BU SAHƏDƏ AZƏRBAYCAN DÜNYA MİQYASINDA ÖZ MODELİNİ ORTAYA QOYUR”
Bu gün bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev hər zaman 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
“BU SAHƏDƏ AZƏRBAYCAN DÜNYA MİQYASINDA ÖZ MODELİNİ ORTAYA QOYUR”
Dövlət başçısı müsahibələrində, görüşlərində bildirir ki, şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğısı Azərbaycanda tam fərqli formada olduğunu vurğulayaraq bildirmişdir ki, bunu başqa ölkələrlə müqayisədə aydın görmək olur, çünki bizdəki yanaşma çox spesifik formadadır. Şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir: “Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq”. Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra - postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu. Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb.
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANINA VERİLƏN İMTİYAZLAR
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüşmüş şəxslərə Azərbaycan qanunvericiliyində bir sıra imtiyazlar və güzəştlər nəzərdə tutulub. “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamənin 2.1-ci maddəsində göstərilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Vətən Müharibəsi Qəhrəmanı adını alan şəxs Vətən Müharibəsi medalı və adının verilməsi haqqında müvafiq icra hakimiyyıti oqranının müəyyən etdi orqan aktı ilə qəbul edilir. Bu ad eyni şəxsə bir dəfə verilir və həmin şəxslər müəyyən imtiyaz və güzətlərdən istifadə etmək hüququna malikdirlər. Vətən Müharibəsi Qəhrəmanlarına Prezident təqaüdü verilir.
Bundan əlavə, Vətən Müharibəsi Qəhrəmanlarına əlavə güzəştlərlə bağlı Əmək Məcəlləsinə və Vergi Məcəlləsinə dəyişiklik edilib. Əmək Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Vergi Məcəlləsinin 102.21-ci maddəsinə səasən, Azərbaycan Respublikası VətənMüharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında imzaladığı Fərmana əsasən müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək. Bu Fərmanda nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
“BİZ BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNİ DƏ HEÇ VAXT UNUTMAMALIYIQ, ŞƏHİDLƏRİ UNUTMAMALIYIQ”
Dövlətin şəhid ailələri və müharibə əlillərinə qayğısı həmişə olub. Elə cari ilin may ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında çıxış edərək bildirib ki, “Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər”. Dövlətimizin başçısı qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək: «İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular», - deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək.
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARINA VƏ AİLƏ ÜZVLƏRİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ YÖNÜNDƏ NÖVBƏTİ ADDIM
Azərbaycan Prezidenti İlham Əliyev həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş qəhrəman zabit və əsgərlərin ailələrinin mənzil təminatının, həmçinin qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda, müharibədə qəhrəmanlıqla döyüşmüş və qazi adı qazanmış veteranların avtomobillərlə təmin olunması üçün ölkədə bir çox sosial layihələr həyata keçirilib. Bu gün də belə sosial layihələr dövlət tərəfindən uğurla davam etdirilir. Ümumilikdə 2021-2025-ci illərdə 10 minə yaxın mənzil şəhid ailələrinə təhvil veriləcək. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusilə qiymətləndirmək lazımdır. O, hər zaman Prezidentin yanındadır və onun ən yaxın silahdaşı kimi məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gəlir. Dövlət başçısı həmçinin çıxışı zamanı bildirib ki, bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur. Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var: “Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək”.
Bir sözlə, yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir və bunu da edir.
RƏFİQƏ KAMALQIZI