Ölkəmizin bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir. Azərbaycan qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də dünyada tanınır. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.
Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsi tək də qəbul edilməsi təsadüfü deyildi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən beynəlxalq idman tədbirləri sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Ölkəmizin ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini atırıb. Ölkəmizdə müasir infrastruktur, xidmət obyektləri tikilərək, dünya standartlarına cavab verən otellər istifadəyə verilib. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi, böyük etimad Azərbaycana olan inamdan doğumuşdur. Azərbaycan Oyunların standartlarını, səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi.
"FORMULA-1" YENİDƏN START GÖTÜRƏCƏK
Artıq 2016-cı ildən paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifədir. Azərbaycan bir neçə gündən sonra yenidən dünya ölkələrinin diqqətində olan bu yarışın başlanmasına start verəcək. Ölkəmizdən start görürəcək "Formula-1" yarışı onu deməyə bir daha əsas verir ki, beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edən Azərbaycan beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün etibarlı bir ölkədir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi təsadüfi hal deyil. Ölkəmizə olan etimad, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, gücü, potensialı, təşkilatçılıq qabiliyyəti və s. əsas göstəricilər sırasındadır. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik, əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsi üçün Odlar diyarını əlverişli məkana çevirib. Ötən illərdə paytaxt Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləmiş oldu. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları vasitəsi ilə yarışlar müntəzəm yayımlandı.
Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın,Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallarda ölkəmiz ətrafında yetərincə fikir formalaşdıra bildilər.
"FORMULA 1"-İN DAHA ÜÇ İL UZADILMASI AZƏRBAYCANIN QRAN-PRİYƏ UĞURLA EV SAHİBLİYİ ETMƏSİNİN GÖSTƏRİCİSİ İDİ
Əlbəttə ki, Azərbaycan beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi edərkən qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır. İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bilirlər. Təbii ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışıblar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaratmış olur. "Formula-1" Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı nümunə kimi dəyərləndirilir.
Təbii ki, paytaxtımızda keçirilən "Formula-1" yarışları yüksək standartlara cavab verir. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Ölkəmizdə idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi və ədalətli şəkildə baş tutmasının nəticəsidir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ümumdünya Ədalətli Oyunlar Komissiyası tərəfindən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Avropa Ədalətli Oyunlar Komissiyası tərəfindən yüksək mükafatlara layiq görülüblər.
"Formula 1" yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılması da Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisi kimi dəyərləndirildi. "Formula 1" Qran-Prisinin Bakıda 2023-cü ilədək keçirilməsinə dair müqavilənin imzalanması ölkənin iqtisadiyyatına müsbət təsiri ilə yanaşı, yerli şirkətlər üçün də yeni imkanların açılması deməkdir.
Azərbaycan növbəti dəfə də "Formula 1" Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edəcək. Hər zaman olduğu kimi yüksək təşkilatçılığı ilə öz sözünü deyəcək. Yarışın keçiriləcəyi ərazilərdə bütün təhlükəsizlik tədbirləri görülüb və böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası təşkil olunub.
Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaq.
Bu dəfə də Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirəcək. "Formula-1" tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi olacaqlar. Ölkəmizə gələn əcnəbi qonaqlar burada yaradılan infrastrukturu, bütün sahələrdə tərəqqini, nadir arxitekturanı, ölkənin qədim tarixi və zəngin çoxəsrlik mədəniyyətini, həmçinin sabitliyi və təhlükəsizliyi öz gözləri ilə görəcəklər. Bütün bunlar dövlət başçısı Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafına dair uzaqgörən və müdrik strategiyası ilə bağlıdır. Əminliklə demək olar ki, Zəfər qazanmış Azərbaycan özünü dünyada təsdiq edən zəngin və güclü dövlətdir.
Zümrüd BAYRAMOVA