“9 iyun Azərbaycan tarixində dövlətçiliyin, müstəqilliyin xilası günü kimi qızıl hərflərlə yazılıb. 1993-cü ilin bu günü Ulu Öndərimiz, Azərbaycan xalqının və dövlətçiliyimizin banisi və xilaskarı Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldiyi gün, xilaskarlıq missiyasının başlanma vaxtıdır. Məhz bu tarixdə Ümummilli Liderimizi Naxçıvandan gətirən təyyarə Bakı Hava Limanında yerə endi, minlərlə insan Ulu Öndəri qarşılamaq üçün ora axın etdi. Ölkəmizin taleyində mühüm tarixi hadisə olaraq yer alan Qurtuluşa doğru mühüm addım atılırdı həmin gün. Əgər bu gün Azərbaycanın uğurlu inkişafından, Zəfər tariximizdən söz açırıqsa, həmin tarixi dövrün mürəkkəb, ziddiyyətli məqamlarını da unutmamalıyıq. Azərbaycan yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması məhz Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi ilə başlanan ağır və məşəqqətli yoldan keçir. Bu tarixi heç vaxt unutmamalıyıq”. Bunu Milli Məclisin deputatı, YAP-ın Təftiş Komissiyasının üzvü Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətçilik tariximizin şərəfli səhifəsini yazıb: “Bəli Ulu Öndər Heydər Əliyev tarix yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən məhz Onun fenomen dövlətçilik bacarığı, təcrübəsi, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndərin iradəsi və xalqına inamı, xalqın da öz müdrik liderinə güvənməsi Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas etdi. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, müdrik liderinə inanan insanların sabaha ümidlərini getdikcə artırırdı. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarları yada salmaq kifayətdir ki, Onun ən böyük Azərbaycanlı olduğuna bir daha əmin olasan. Naxçıvanın bütün mənalarda blokadaya alınması Heydər Əliyevin xalqına olan sevgisini, dövlətçiliyimizin bərpasına inamını zərrə qədər də azaltmamışdı. Əksinə, Azərbaycanın sabahına olan böyük ümidlər dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevi mətin addımlar atmağa, xalqın xilas yollarını çözməyə vadar edirdi. 15 İyun –Milli Qurtuluş Günü Azərbaycan xalqının sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi xalqımızın Qurtuluş bayramıdır və bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir".