“Azərbaycan siyasi və iqtisadi cəhətdən müstəqil dövlətdir və onun heç bir ölkədən asılılığı yoxdur. Dövlətimizin başçısı son çıxışlarında dəfələrlə bildirmişdir ki, “Biz müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdə tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”. Söylənilən bu fikirlər reallıqdır və Azərbaycana münasibətdə özünü aydın əks etdirir.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, həqiqətən də Azərbaycan tam müstəqil bir dövlət olmasaydı, özünün iqtisadi inkişafını təmin edə, beynəlxalq aləmdə hörmət qazana bilməzdi.
“Düşmən üzərində tarixi qələbəmiz də məhz müstəqilliyimizin nəticəsidir. “Əlbəttə biz müstəqil olmasaydıq, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik” qənaətində olan Azərbaycan Prezidenti müstəqil olmayan Ermənistana diqqəti cəlb etməklə bu ölkənin düşdüyü ağır və böhranlı vəziyyəti nümunə göstərir. Ermənistanda yaranmış bugünkü vəziyyət-qarşıdurmalar, kütləvi və davamlı mitinqlər, özbaşınalıqlar, siyasi qüvvələr arasındakı çəkişmələr bu ölkənin tarixən müstəqil olmadığını bir daha sübut edir. Qərbə, Avropaya, gah da Rusiyaya sığınan, müxtəlif ölkələrdən dəstək almağı özünə rəva bilən və bir çox dövlətlərin quluna çevrilən Ermənistan hakimiyyəti, siyasi dairələri qonşu dövlətlərə qarşı təcavüzkarlıq əməllərini davam etdirməyi özlərinin dövlət siyasətinin əsası kimi qəbul etdiklərindən indi çıxılmaz vəziyyətə düşüblər. Onlar bu gün də ağır məğlubiyyətdən, düşdükləri çətin durumdan lazımi nəticə çıxarmırlar. Əksinə revanş götürmək, yenidən müharibəyə hazırlaşmaq, torpaqları geri qaytarmaq meylləri güclənir və erməni millətçiləri heç vaxt nail ola bilməyəcəkləri arzularla, boş xülyalarla yaşayırlar. Azərbaycan isə post münaqişə gündəliyinin formalaşmasında sülh çağırışlarına, beynəlxalq norma və prinsiplərə, beynəlxalq təşkilatın dəstəyinə arxalanır.
Əlbəttə ki, qələbədən sonra müstəqil və sülh siyasəti yürüdən Azərbaycana dəstək artmaqda və güclənməkdədir. BMT-nin, Avropa İttifaqının, ABŞ-in münasibətlərində bu özünü aydın şəkildə büruzə verməkdədir. Artıq dünyanın əksər ölkələri Azərbaycan reallıqlarını dərk etməkdə və qiymətləndirməkdədirlər. Bu da Azərbaycanın irəli sürdüyü 5 prinsipin həyata keçiriləcəyinə şübhə yaratmır. Mövcud reallıqlar bunu deməyə əsas verir”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev