"15 iyun 2021-ci ildə mədəniyyət paytaxtımız Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik Bəyannaməsi qardaşlıq və dostluğumuzun rəsmi şəkildə dünyaya bəyan edilməsi demək idi". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq tarixin sınaqlarından çıxıb: "Biz çətin və xoş günlərimizdə bir-birimizə arxa və dayaq olduğunu bütün dünyaya nümayiş etmişik. Bu nümayişin təntənəsini II Qarabağ müharibəsində bir daha öz təsdiqini tapmış oldu. 44 günlük Vətən müharibəsinin ilk günündə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin hər cürə dəstəklə Azərbaycanın yanında olduğunu bəyan etməsi haqq işimizə müdaxilə etmək istəyən qara qüvvələri öz bəd niyyətlərindən daşındırdı və işimizi sona qədər icra etməyimizə imkan yaratdı.
Şuşa Bəyannaməsi xalqımız üçün müstəsna əhəmiyyət daşıyan əlamatdar tarixi bir gündə imzalanmışdır. 15 iyun 29 il əvvəl ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizin tarixi sınaqla qarşılaşdığı bir gün idi. Ulu Öndər Heydər Əliyevin məhz 15 iyunda Azərbaycan Ali Sovetinə sədr seçilməsi Azərbaycanı parçalanmaq bəlasından qurtardı və müstəqil dövlətimizin bünövrəsi qoyuldu. 15 iyunda qoyulmuş dövlətçiliyimizin möhkəm təməlləri üzərində qurulan müstəqil Azərbaycan dövləti bu illər ərzində inkişaf edərək güclənmiş və 30 ildən sonra ərazisi bütövlüyünü bərpa edərək sözün əsl mənasında müstəqil dövlətə çevrilmiş oldu. Bu əlamətdar tarixdə azad Şuşada iki dövlət başçımızın imzaladığı sənəd dövlət müstəqilliyimizin əbədi olmasına yazılmış rəsmi vəsiqə oldu. Şuşa Bəyannaməsində rəsmi şəkildə təsdiq olunmuş ölkələrimiz arasındakı müttəfiqlik münasibətləri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təlükəsizliyi, nəqliyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir".
Deputat sözlərinə belə davam edib: "Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsində döyüş meydanında yaratdığımız yeni reallığın həyata keçirilməsi üçün yeni imkanlar açır. Burada regionda əməkdaşlığın genişləndirilməsi, xalqların inteqrasiyası və təlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məsələlərində birgə iştirakımız nəzərdə tutulur. Şuşa Bəyannaməsinin imzalanmasından keçən bir il ərzində bu əməkdaşlığımız və dəstəyimizi bütün dünyaya bir daha nümayiş etdirə bilmişik. Xalqlarımız və dövlətlərimiz üçün əlamətdar günlərdə prezidentlərimizin qarşılıqılı səfərlərin intensivləşməsi, ordumuzun təkmilləşdirilməsində Türkiyənin iştirakı, işğaldan azad olunmuş ərazilərdə icra olunan böyük layihələrin ərsəyə gəlməsində türk şirkətlərin gördüyü keyfiyyətli işlər, 8 ayda inşa olunaraq açılışını prezidentlər tərəfindən əyata keçirilən Füzuli Beynəlxalq Hava Limanı, Türkiyədə Rize-Artvin Hava Limanı, yaratdığımız yeni reallığın həyata keçirilməsi üçün Türkiyənin bütün beynəlxalq platformlarada verdiyi dəstək, Bakıda Teknofest Azərbaycan, Aviasiya, Kosmik və Texnologiya Festivalının keçirilməsi böyük tarixi məna kəsb edir.Bəli, tarix bizi yenə sınaqlarla qarşılaşdıracaqdır. Bu, bütün tarixi dövrlərdə mövcud olmuş və bundan sonra da olacaqdır. Amma bundan sonra bütün məsələlərdə dünya Azərbaycan -Türkiyə monolitliyi əsasında yaranmış yeni bir güc görürür. Birliyimiz ümumi gücümüzü və nüfuzumuzu artırır. Müttəfiqliyimiz lazım gələn anda heç nəyi düşünmədən bir-birimizin yanımızda olmağımıza imkan yaradır. Dünya nizamı müxtəlif siyasi prosslərdə dövlətlərə münasibət formalaşdırır. Bu qəribə dünyada müttəfiqliyimizin rəsmiləşməsi və sözün əsil mənasında eyni mövqedən çıxış etməyimiz yeni dünya nizamında güclülərin boy sırasında yerimizi möhkəmləndirir".
Ayşən Vəli
166