Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Azərbaycanın o vaxtkı rəhbərliyinin bacarıqsızlığı, səriştəsizliyi üzündən ölkəmizin ərazi bütövlüyü təhlükə qarşısında idi. Ölkəmizin şimalında, cənubunda iğtişaşlar yaranmışdı. Məhz belə bir vəziyyətdə xalqın istəyi və tələbi ilə o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldi. Heydər Əliyevin sayəsində Azərbaycan bu təhlükədən xilas ola bildi.
Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.
Elvira Hacızadə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Əhalisinin
Dövlət Reyestri Xidməti
Qüvvədən düşmüş sənədlərin reyestri şöbəsinin
aparıcı məsləhətçısı 1-dərəcəli ədliyyə qulluqçusu