“İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir və bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, məhz elə buna görə Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb: "XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi və ölkədə hakimiyyət böhranı başladı. Belə ki, hakimiyyət böhranı 1993-cü ilin iyununda pik həddə çatdı, xaos- anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəldi. Bu anlarda nəinki dövlət müstəqilliyimiz, hətta milli varlığımız belə birbaşa hədəfə alındı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yaddaşlarda qaldı.
Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Hər çətinliyə sinə gələrək, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ulu Öndər deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır: “Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında, həmçinin torpaqlarımızın 44 gün ərzində azad olunması və "Zəfər" gününüzdən bu yana keçirilən bütün ictimai-siyasi, iqtisadi-mədəni uğurlarımız Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs üzrə və Prezident, Ali Baş Komandan İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün xalqımız müstəqil Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir! Milli Qurtuluş günümüz yeni tarixdə, "Zəfər" tariximizin işığında mübarək olsun!".
Arzu Qurbanlı
177