“Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövr parlament tariximizin ən dəyərli və unudulmaz səhifələrindəndir”. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, həmin dövr ölkənin ən təlatümlü günləri idi və respublikada yaranmış ciddi vəziyyət təxirəsalınmaz tədbirlər görülməsini tələb edirdi.
“Talış-Muğan Respublikası” elan olunmuşdu, Şimalda sadvalçılar fəallaşmışdılar. Ölkə daxilində silahlı qruplaşmalar hələ də ləğv edilməmişdi. Ermənistan silahlı birləşmələri torpaqlarımızı işğal etməkdə idi. Belə çətin bir vaxtda Ümummilli Lider Heydər Əliyev parlamentə yeni ruh, yeni nəfəs gətirdi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında yeni qanun qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə əsaslı dəyişikliklər aparıldı. Parlament “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi və əhalinin tələbi ilə tezliklə bu bədnam iddiaya son qoyuldu.
Az bir müddətdə, cəmi 4 ay ərzində Ulu Öndər Heydər Əliyev parlamentin abı-havasını tamamilə dəyişdirdi. O, Milli Məclisə siyasi bir mədəniyyət, qanunlara hörmət, insanlara inam gətirdi. Ulu Öndərin təşkilatçılıq bacarığı, hadisələrə çevik münasibəti, qanunların aliliyinə hörməti, davranış və çıxışları parlamentin hər bir üzvü üçün örnək idi.
Müstəqilliyimizin ilk illərində qarşıya çıxan ciddi problemlərin həllini Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və O, xilaskarlıq missiyasını uğurla həyata keçirdi. İstər parlamentə rəhbərlik etdiyi, istər prezident səlahiyyətlərini həyata keçirdiyi, istərsə də Prezident olduğu dövrlərdə Ulu Öndər xalqının və torpağının əsl azərbaycanlısı olduğunu, öz əməlləri, gərgin fəaliyyəti ilə bütün dünyaya sübut etdi və Azərbaycanı ağır bəlalardan-parçalanmaqdan, vətəndaş müharibələrindən, qardaş qırğınından qurtardı. Məhz buna görə də Azərbaycan xalqı həmin çətin günləri unutmur, Ulu Öndər Heydər Əliyevin xidmətlərini dönə-dönə xatırlayır, onun bəşəri ideyalarından qüvvət alır və dövlətimizin inkişafı yolunda uğurla irəliləyir”, deyə Tahir Rzayeb bildirib.
Müəllif: İnam Hacıyev
157