Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində "Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda növbəti seminar keçirilib. DSX-nın Mətbuat Mərkəzindən Diaspor info-ya verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş və abidə önünə gül dəstələri düzüblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrini dövlət siyasətində uğurlu inkişaf etdirildiyini, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu xüsusi olaraq qeyd edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.
Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.