"Azərbaycan və Türkiyə arasında olan münasibətlər dünyada analoqu olmayan dostluğa, qardaşlığa, müttəfiqliyə əsaslanır". Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
Onun sözlərinə görə, dünyada bu qədər həm din, həm dil, həm də mədəniyyət cəhətdən yaxın ikinci bir xalq mövcud deyil: "Yəni bu həm də dostluq, qardaşlıq nümunəsidir. Biz bunu bütün dünyaya göstəririk və son illərdəki strateji münasibətlərin ən üst səviyyədə inkişaf etməsi, həmçinin Şuşa Bəyannaməsi iki ölkə arasında olan münasibətin zirvəsi hesab edilməlidir. Təbii ki, burada həm xalqlarımızın, həm iki ölkə başçılarının şəxsi münasibətləri, dövlətlər arasındakı qarşılıqlı əlaqələr öz əksini tapır. Bütün sahələrdə hərtərəfli olaraq münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. artıq müqavilənin şərtləri bənd-bənd yerinə yetirilməyə başlayıb. Siyasi, hərbi, iqtisadi, regional, təhsil, səhiyyə, mədəniyyət sahələrində vacib addımlar atılır. Bütün sahələrdə qarşılıqlı münasibətlər yüksək həddə davam etdirilir.
Burada parlamentləri də qeyd etməliyik. İki ölkənin parlamentləri arasındakı əlaqə ən yüksək səviyyədə davam etdirilir. İki ölkə birlikdə beynəlxalq platformalarda çıxış edir. Bu onu deməyə əsas verir ki, bu münasibətlərin son həddi yoxdur. Bu münasibətlər yüksələn xətlə inkişaf edir və iki qardaş ölkənin münasibətləri həm də bölgədəki inkişafa təkan verir".
Müəllif: Abutel İlhamqızı
152