Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev məhz iyunun 26-da Silahlı Qüvvələr Günündə işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfəri etmişdi. Səfər bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Dövlət başçımızın işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə şəxsən özünün nəzarət etməsi qürurverici məqamdır. Cənab Prezidentin müntəzəm olaraq işğaldan azad edilən ərazilərə səfər etməsi, görülən işlərlərin gedişatı ilə maraqlanması, yeni infrastruktur layihələrinin təməlini qoyması və buna birmənalı olaraq özünün nəzarət etməsi, Prezidentin ilk növbədə həmin ərazilərdə yaşayan soydaşlarımıza, sonra isə həmin ərazilərə nə qədər önəm verdiyinin göstəricisidir.
Səfər çərçivəsində Prezident cənab İlham Əliyev komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdi. Ali Baş Komandanın hər zaman olduğu kimi, bayram günündə də hərbçilərlə bərabər olması çox qürurverici haldır !
44 günlük müharibə günlərində Rəşadətli Azərbaycan Ordusu müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə güclü və çevik döyüş qabiliyyətli bir ordu olduğunu bütün dünyaya sübut etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi xalqımızın çoxəsrlik hərbi-döyüş salnaməsinə ən parlaq səhifə kimi yazıldı.
Möhtərəm Prezidentimiz Kəlbəcərdə hərbi hissəsinin açılışında çıxış edərək bildirdi: “Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.
Dövlətimizin başçısı həmçinin bildirib ki, bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Silahlı Qüvvələr Gününü qeyd edirik: "Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq.”
Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında əsasən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdi ki, vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq.
Xalqımız bilir ki, həqiqətən, Azərbaycan gəncləri vətənpərvər gənclərdir, bütün varlığı ilə Vətənə bağlıdırlar. Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi nəticəsində silahlı qüvvələrimiz Qafqazın ən güclü, dünyanın isə 50 ən güclü ordusu sırasında yer almışdır. Dövlətimizin başçısı vurğulayıb ki, bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.”
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz Azərbaycan Ordusu ilə fəxr edirik!”
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!
Əli Paşayev