"Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təsisatın nüfuzunun möhkəmlənməsi, institusionallaşdırma yolu ilə getməsi addımlar atır. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması da həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə yönəlib. Bu, Hərəkat çərçivəsində parlament diplomatiyasının daha da inkişafını təmin edəcək". Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Bakı konfransında çıxışı zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, parlament şəbəkəsi dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətlər quracaq: "Azərbaycan eyni zamanda gənclər şəbəkəsinin yaradılmasını da təklif edib. Bu da üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Azərbaycan pandemiya dövründə də müxtəlif təşəbbüslərlə çıxış edib. Belə ki, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Haqları Şurasında alınan dəstək, Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirəni qeyd etmək olar. Bütün bu təşəbbüslər şübhəsiz ki, Hərəkatın nüfuzunu artırır.
Ümumiyyətlə, Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təsisatdır. Ölkəmizin bu təsisata sədrlik müddəti bütün üzv dövlətlərin razılığı ilə uzadıldı. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra QH keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirib. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəydir. Bakı konfransında dövlət başçımız bir daha bəzi ölkələrin bizim haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdini xatırlatdı. Qeyd etdi ki, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan da ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək. Bu mənada Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan sədr kimi üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırır".
Müəllif: Abutel İlhamqızı
250