MƏĞRUR DURUŞU İLƏ DÜŞMƏNƏ MEYDAN OXUYAN ŞƏHİDİM, BU GÜN SƏNİN AD GÜNÜNDÜR!
Bu gün “Vətən Müharibəsində” öz cəsarəti ilə seçilən “Azərbaycan Bayrağı” ordenli Şəhidimiz Əhməd Qurban oğlu Laçınovun dünyaya gəldiyi gün idi. Züleyxa ana məni də, evlərinə dəvət etmişdi. Mən də, çox böyük fərəh və sevinc hissi ilə şəhidimizi yad etmək üçün Zaqatala rayonu Yuxarı Çardaxlar kəndinə yollandım. Kənd qəbirstanlığına yaxınlaşan zaman Züleyxa ananın səslə ağladığını eşitdim. Bir anlıq ayaqlarım tutuldu, yerimdə dayandım və özümdə güc topladıqdan sonra içəri daxil oldum.
Üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanan tək bir qəbir var idi. Onun ətrafında isə qara geyinmiş Şəhid ana-bacıları, ata və qardaşları, doğmaları və kənd camaatı toplaşmışdılar. Doğmaları üzərində Şəhidin rəsmi olan ağ köynəklər geyinmişdilər. Kənd icra nümayəndəsi, məktəbin direktoru, rayon ictimaiyyətinin nümayəndələri artıq oraya toplaşırdılıar. Daha sonra YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və Zaqatala RİH-nin şöbə müdiri Anar Seyidov da, kənd qəbirstanlığına gəldilər və tədbir başladı. Tədbirdə bir çox şəhid ataları, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun atası Məhəmməd Səmədov da, iştirak edirdi.
İlk öncə şəhidimizin ruhuna dualar oxundu.
Habil Qurbanov tədbirdə çıxış edərək, Azərbaycanda təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətdən danışaraq, bunun nəticəsi kimi torpaqlarımızn işğaldan azad olunduğunu bildirdi. Daha sonra Zaqatala RİH-nin şöbə müdiri Anar Seyidov çıxış edərək, rayon rəhbərinin baş sağlığını çatdırdı və şəhidimizlə bağlı, onun qəhrəmanlığından ətraflı danışdı.
Tədbirdə Şəhid ataları adından Sayad Hacıyevin atası Azad Hacıyev danışdı. Sonra tədbirdə iştirak edən Yazıçı Elman Malıyev də, danışdı. Daha sonra məktəbli fidanların hazırladığı kompazisiya, şerlərə yer verildi. Sonda Yazıçı Jurnalist, Zaqatala şəhidləri haqqında yazılmış “Şanlı Tarix Yazanlar” kitabının müəllifi Əlmaniz Ələkbərliyə söz verildi.
Əlmaniz Ələkbərli şəhid atası və anasına belə qəhrəman oğul böyütdüklərinə görə, minnətdarlığını bildirdi. Şəhidimizin valideynləri, bacılarına ayrıca təşəkkür edərək, onların hər bir qeyrətli Azərbaycan kişisinin baş tacı olduqlarını söylədi.
Qəbirstanlıqda təşkil olunmuş tədbir yüksək səviyyədə və böyük insan izdihamıyla keçirildi. Daha sonra Şəhidimizin evinə toplaşan tədbir iştirakçıları ehsan süfrəsi başında da, səmimi söhbət etməyə başladılar.
MƏĞRUR DURUŞLU ŞƏHİDİMİZ ƏHMƏD LAÇINOV HAQQINDA:
Əhməd Laçınov 1999-cu il iyulun 28-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2004-2013-cü illərdə R. Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Əhmədin yaşda özündən böyük olan üç bacısı Aytən, Çinarə və Mesed Laçınovalar da, DİT kollecinin məzunları olublar. Əhməd kollecin məzunları arasında ilk şəhid olanlardandır. Yuxarı Çardaxlar kəndi istər birinci Qarabağ savaşında, istər də, ikinci Qarabağ savaşı, “Vətən Müharibəsində” öz qeyrətli oğullarıyla vətənin müdafiəsinə ilk qalxanlardan olublar.
Muxax kəndinə daxil olandan artıq kəndə gedən zaman şəhidlərin yol kənarlarında asılmış portretlərini gördükcə qürur hissi keçirirsən. Biraz da, yuxarı qalxırsan Yuxarı Çardaxlar kəndinə daxil olursan, eyni mənzərədir. Kəndin yuxarısında, dağdibinə tərəf qalxan zaman sonuncu evlərdən biri də, Qurban Laçınovun evidir. Evin qarşısında və arxasındakı əzəmətli dağın ən hündür yerində üçrəngli Azərbaycan bayrağını Qurban kişi asmışdı. Onun evinə yaxınlaşdıqca qəhrəman bir Azərbaycan əsgərinin evinə gəldiyini hiss edirsən. Şəhidimizin ailəsini də, yaxından tanıyaq:
Qurbanla Züleyxa xanımın üç qız övladından sonra bir oğlu dünyaya gəlir. Əhməd elə yaşadığı ailəyə, ata-anasına, bacılarına və evin arxasındakı əzəmətli dağların əzəmətinə layiq bir oğul kimi böyüyüb. Ata-anasının vətənpərvərlik tərbiyəsindən yetərincə yararlanıb. Atası Qurban Laçınov deyir ki, ata-bala kimi münasibətimiz çox pərdəli olub:”biraz böyüyən kimi mənə hərtərəfli dəstək olmağa başladı.
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olmuşdu. Gündüzlər oxuyurdu, dərsdən sonra isə Şadlıq evində ofisiant işləyirdi. Böyük kişi olmuşdu, ailənin dolanmasında mənə maddi dəstək vermək üçün həm oxuyur, həm də, işləyirdi. Oğlumun üzünü görə bilmirdim, çünki şadlıq evlərində iş gec qurtarırdı.
Ailəcanlı idi, tezdən yuxudan erkən qalxaraq, anasına da, həyətdə xeyli kömək edər, sonra isə dərsə gedərdi. O, mənim arxam, evimin isə dirəyi idi. Onun şəhid olması, yoxluğu ailəmiz üçün çox ağırdır.”
Züleyxa ana ilə söhbətimiz çox çətin keçdi, göz yaşlarına qərq olduğuna görə onunla danışmaq mümkün olmadı. Züleyxa ananı başa düşmək elə də, çətin deyil, Ana qəhrəmanlığı ilə ad-san qazanan, xüsusi təyinatlı olan əsgər oğlunu itirib.
Əhməd ən uca zirvə olan şəhidlik zirvəsinə ucaldıqdan sonra, bacısı Çinarənin dünyaya gələn oğluna onun adını veriblər. Beləliklə də, bu gün Laçınovlar ailəsində Əhməd adlı bi igid böyüyür.
Bacıları Çinarə və Mesedlə isə Əhməd haqqında xeyli söhbətləşdik, Mesed qardaşı haqqında bütün günü danışsa da, doymazdı: “Qardaş sözünü bəzən 6 hərifə də, sığışdırırlar, amma mən onu dünyalara sığışdıra bilmirəm. Qardaşımın 1999-cu ildə dünyaya göz açdığı gün mənim ən xoşbəxt günlərimdən biri idi.
Bilirsiniz niyə?, o günə kimi hərkəsin qardaşı varıydı, ancaq mənim niyə yoxuydu deyə tez-tez aglayardım. Onu gətirib qucagıma qoyduqları anda o qədər sevinmisdim ki, balaca qara əlləri iri qara gözləri heç vaxt gözümün qarşısından getmir. Hər gün əlindən tutaraq, məktəbə aparıb gətirmişəm. İnsan necə yanmasın ki?, o bizim üçün təkcə qardaş yox, həm də, uç bacının ortaq övladı olub, desəm yanılmazdım. Balaca vaxtıında sakit və tərbiyəli usaq idi. Bizim tək istəyimiz onun oxuması, təhsilli olası idi. Atam qədər əziyyət çəkməsini istəmirdik. Gün gəldi, o, böyüdü və Kollecə daxil oldu. Biz bacıları onun özündən cox sevinirdik.
Kollecə qəbul olduğu gündən həm oxuyurdu, həm də, işləyirdi. Bəzən gecə saat 12-00-da, çox yorğun halda evə gəlirdi. Və yorğunluğuna baxmayaraq, bütün namazlarını qılaraq:-Qəbul edən Allahdır,-deyərdi.
Qardaşım Kollecdə oxuduğu illərdə, cümə günləri yaşıdları cavanlıq edən zaman, o isə, cümə namazı qılmaq üçün, işdən məscidə kimi piyada gedərdi. Eşitmişəm ki, şəhidlik hər adama qismət olmur, gərək insan ona layiq olsun. Nədənsə mən bu deyimə çox inanıram, çünki mənim qardaşım da, məhz elə insanlardan idi. Onun kiməsə pislik etdiyini nə görmüşük, nə də, ki, eşitmişik. Pislik etməyi ümumiyyətlə ağlından belə keçirməzdi.
Bacıları kimi ən böyük arzumuz onun ailə qurmasını görməyimiz idi, yəni çox istəyirdik ki, onun toyunu görək. Xüsusən də, özümüz bacılar arasında xəyallar qurar, necə bir qızla ailə quracağı haqqında çox düşünərdik.
Onsuzda kimin qızını alsaydı, necə bir qız olur-olsun, bizim qəbulumuz idi, əsas qaqaşımız bəyənsin. Əhməd deyirdi ki, mənimüç bacım var, mən heç kimin qızını aldada bilmərəm, odur ki, vaxtı çatanda ailəmi də, quracağam.
Müddətli həqiqi-hərbi xidmətə getdiyi günü biz çox ağlamışdıq, o isə bizə acıqlandı ki, ağlamayın, mən əsgər gedirəm, ölməyə getmirəm ki, qayıdacağam. Əsgər həyatı başlayan gündən Xüsusi Təyinatlı olacağını deyirdi. O, XTQ-nin nə qədər çətin olduğunu bilirdi və oraya seçimin də, ağır olduğunu bilirdi. Ancaq onun yalnız bir qorxusu var idi, uşaq vaxtından ayağında yanıq izi qalmışdı, ondan çox ehtiyyat edirdi. Xüsusi təyinatlı əsgərlərin şəkillərini bizə göstərib deyərdi ki, mən də, xüsusi təyinatlı olacağam. Biz də, onun seçiminə həmişə hörmət edər, qarışmazdıq. Beləliklə də, Xüsusi təyinatlı kimi seçildi və çox yaxşı xidmət etməyə başladı. Komandirləri onun tərbiyəsindən danışan zaman, mən daha da, qardaşımla fəxr edirəm.
Birdən görürdük ki, zabit, gizirlərin də, qatıldığı hansısa bir yarışda birinci yeri tuturdu. Elə sevinirdi ki, ona fəxri fərman veriblər, çünki o hamıdan üstün olmuşdu. Və bunu komandirləri çox yüksək qiymətləndirirdilər.
Məzuniyyətə gəlmişdi, bütün dostları başına yığışıb öz əsgərliyindən danışırdılar. O, bir kəlmə belə danışmazdı, elə deyərdi ki, hər şey yaxşıdır. Bir dəfə evdə söhbət edən zaman şəhidlikdən söhbət düşmüşdü. Onda dedi ki, mən də, şəhid olacağam, əlbəttə ki, həmin vaxtı buna inanmadım.
Hər dəfə ondan hərbi paltarda bir şəkil göndər deyəndə, baş üstə deyib, göndərmirdi. Deyirdik ki, səni ziyarətə gəlmək istəyirik, hər dəfə bir bəhanə edirdi ki, biz getməyək. Biz bilmirdik ki, onun xidməti əsasən təlimlərdə keçir.
Şəhid olduqdan sonra paltarlarını gətirib bizə verdilər, baxıb gördük ki, sürünməkdən dizləri yırtılıb. Onun seçdiyi yol çətin və şərəfli idi. XTQ kimi müharibə başlayan gündən öndə olub. O, bu yolu seçəndə dəqiq bilirdi ki, qazi vəyaxudda şəhid ola bilər. Bütün bunlara baxmayaraq, heç vaxt üzündən gülüşünü əskik etməyib. Yoldaşları deyirlər ki, döyüşə girməzdən əvvəl hamının əhvalını qaldırırdı, zarafatla, deyib-gülməklə döyüşə girirdik. Hər dəfə erməni dəstələrini məhv etdikdən sonra Ləzqinka oynayarmış.
Murov, Kəlbəcər, Cəbrayıl rayonunun azad olunmasında cəsarətlə döyüşənlər arasında Əhməd də, olub. Biz televiziyadan eşidirdik ki, rayonlarımız azad olunub, ancaq bilmirdik ki, torpaqları azad edənlər arasında qardaşımız da, vardır.
Füzuli rayonunun azad olunması üçün döyüşə girməzdən əvvəl, komandir bütün əsgərlərini valideynləri ilə danışdırmışdı. Biz də, Əhmədlə danışdıq, dedi ki, təlimdəyik. Bacısı kimi dözməyib soruşdum ki, müharibə başlayıb, siz harada döyüşürsünüz?, yenə də, gülə-gülə dedi ki, yalan söhbətdi, biz təlimlərdəyik. Ancaq mənim içimdən bir hiss mənə dedi ki, o yalan danışır, vəziyyət çox ağırdır. Qorxduğum şey onun heç vaxt geri çəkilməyəcəyini və dostlarını darda qoymayacağını bilməyim idi. Hər gün səhərimi ağlayaraq, açırdım.
Günlərin birində onu yuxuda gördüm, evimizə gəlmişdi, həm də, gülə-gülə, məhz həmin gecə şəhid olmuşdu. Əhməd özü də, ölümündən 20 saat əvvəl yuxuda görüb ki, başından aldığı qəlpə yarasına görə şəhid olub. Döyüş yoldaşlarına yuxusunu danışıb və deyib ki, bəs mən şəhid olaramsa ailəm neyniyərlər?! O yaxşı bilirdi ki, bizim ondan başqa heç kimimiz yoxdur, o bizim arxa-dayağımız, hər şeyimiz idi.
Füzuli-Hadrut istiqamətində gedən döyüşlərdə onları mühasirəyə alıblar. Qardaşım artilleriya zərbəsi zamanı qəlpə yarasından şəhid olub.
Bəli, şəhid oldu, boy-buxunundan baxmaqla doymadığım qardaşım şəhid oldu. Canı-qanı ilə tarix yazdı, gözünü qırpmadan canını vətənə fəda etdi. Azərbaycan bayrağı ordeni, İgidliyə görə, Vətən uğrunda, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olundu.
Hər gün Allahıma dua edirəm ki, gör məni necə də, yaxşı mükafatlandırıb, Əhməd kimi qardaşın bacısı olmuşam. Yaşadığı vaxtlarda da, dünyasını dəyişəndən sonra da, başımızı uca etdi.
Mən onu həmişə yanımda hiss edəcəyəm, bilirəm ki, yıxılanda əlimdən tutub, qaldıracaqdır. Odur ki, onun adına sanına layiq bir bacı olmaq üçün əlimdən gələni edəcəyəm.
Şəhid qardaşımı kəndə gətirən günü mən işə getmişdim. Məni tanıyanlar deyirdilər ki, rayonumuza üç şəhid gətiriblər, biri də, Yuxarı Çardaxlar kəndindəndir. Həmin an telefon əlimdən yerə düşdü, dünya başıma fırlandı. Düşünürdüm ki, yalan olar, dua edirdim ki, bir qolu, ayağı olmasın, ancaq qardaşım yaşasın. Kənd avtobusuna gəldiyim zaman, insanların məni işarələrlə göstərməsini gördüm, özümü elə aparırdım ki, onları görmürəm. Eşidəndə ki, bəli, şəhid olan mənim qardaşımdır, dünyam başıma yıxıldı. Evə yaxınlaşdıqca gördüm ki, balaca uşaqlar əllərində bayraqlarla küçələrə tökülüblər. Bax onda dəqiq əmin oldum ki, artıq qardaşım bu dünyada yoxdur.”
Şəhid Laçınov Əhməd haqqında bəzi məlumatları oxucularımıza da, çatdırmaq istəyirik:”
Əhməd Laçınov birinci olmağı xoşlayırdı.
Kollecin məzunlarından birinci şəhidlik zirvəsinə də, məhz Əhməd ucalmışdı.
Əhməd Laçınov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Əhməd Laçınov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Əhməd Laçınov 2 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur.
Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı ordeni”, "Vətən uğrunda",“Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,“Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Diaspor.info
Zaqatala bürosu.
627