ERMƏNİLƏRİN KİYEVDƏ ŞƏRLƏNDİYİ İDDİA EDİLƏN QAZİMİZ MİSİR QASIMLININ MÜDAFİƏSİNƏ KİMLƏR QALXDI?!
Məlum olduğu kimi
Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə video- müraciət etmişdi.
Videomüraciətdə M.Qasımlı ölkə başçısından və ictimaiyyətdən ona dəstək göstərilməsini xahiş edirdi.
"Mən Prezidentdən xahiş edirəm ki, bu işi nəzarətə götürsünlər. Mənə kömək etsinlər. Burada mənə qarşı haqsızlıq, ədalətsizlik edilir. Prokuror deyir ki, Qarabağda döyüşmüş adamı çölə buraxmaq olmaz, o, başkəsəndir. Amma bilsinlər ki, mən hər zaman torpaqlarım uğrunda döyüşməyə, canımdan keçməyə hazıram. Dövlətimə də, Prezidentimə də inanıram", - deyə o videoda bildirib.
Bu məsələylə bağlı "Azərbaycan Ukrayna Beynəlxalq Alyansın" sədri Elmar Məmmədov maraqlanıb. Elmar müəllim bütün aidiyyəti instansiyalara müraciət edib. Elmar Məmmədovla yanaşı qazimizlə çox yaxından maraqlanan Milli məclisin sədr müavini Adil Əliyev və Azərbaycan vəkillər kollegiyasının sədri Anar Bağırov olub.
Artıq qazimizin hüquqi müdafiəsi ilə məşğul olan vəkil də bəllidir. Bu Mirzəyev Şaiq Səyyad oğludur. Şaiq Mirzəyev
"Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkili, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Diaspor.info olaraq vəkilimizlə əlaqə saxladıq. Şaiq müəllim dedi ki, işlə bağlı birinci günü məşğul olacaqdır. Ancaq Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun qazimizlə bağlı maraqlandığını və onunla telefonla danışdığını dedi.
Bundan əlavə Şaiq Mirzəyev Milli məclisin sədr müavini Millət vəkili Adil Əliyevlə də telefon əlaqəsi yaradıldığını da qeyd etdi:"Adil müəllim də qazimizlə bağlı nə lazımdır dəstək verməyimizi xahiş etdi.
Azərbaycan vəkillər kollegiyasının sədri də mənə zəng edib dedi ki, bütün gücünlə qazimizə dəstək ol.
Birinci günü araşdırmalar haqqında əlavə mətbuat üçün açıqlama verəcəyik.
Qazimizlə bağlı internet üzərindən aldığımız bəzi məlumatları oxuculara təqdim edirik.
Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.
Ötən ay onların işinə Kiyev vilayətinin Obuxov rayon məhkəməsində baxılıb. Məhkəmə iclasının yekununda prokuror Rinat Kuzmenko təqsirləndirilən şəxslərin ittiham edildikləri maddələri (xuliqanlıq, adam oğurluğu, qanunsuz silah gəzdirmə maddələri) elan edərək saxlanılanlara 8 ildən 15 ilə qədər iş istəyib.
Avqustun 9-da isə Kiyev Apellyasiya Məhkəməsində iş üzrə vəkillərin verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib. İlkin instansiya məhkəmələrində baş verən özbaşnalıqlar barədə hakimlərə məlumat verilib.
M.Qasımlı daha əvvəl mətbuata açıqlamasında milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərləndiyini və Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. Onun yaxınları iddia edir ki, bu işin gedişinə ermənilər müdaxilə etdiyindən məhkəmə prosesi 1 ildir uzanır. Müharibə zamanı M. Qasımlının çəkdiyi videoların ermənilər tərəfindən qıcıqla qarşılandığını deyirlər.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət ünvanlayıb və və adıçəkilən vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib.
Diaspor.info
Kiyev
416