Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti Aleksey Naumov “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda gedən proseslər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımza təqdim edirik.
- Bildiyiniz kimi, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar aparır. Sizcə, Azərbaycan və bütün region üçün bu prinsipial əhəmiyyətli məsələdə tərəflər razılığa gələ biləcəkmi?
- Zəngəzur dəhlizinin açılması təbii ki, həllini gözlədiyimiz əsas məsələdir və bununla bağlı Moskvadan səslənən bəyanatlar kifayət qədər nikbindir. Sualınıza cavab olaraq deyəcəyəm ki, bəli, tərəflər yaxın vaxtlarda razılığa gələ bilərlər. Üstəlik, buna təkcə 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalara uyğun olaraq başlamış nizamlanma prosesi deyil, həm də Rusiya və Türkiyə arasında əhəmiyyətli dərəcədə intensivləşmiş münasibətlərin ümumi atmosferi kömək edir.
Putinlə Ərdoğanın Soçidə 4 saat davam edən danışıqları tərəflərin geniş mövzularda qarşılıqlı əlaqədə olduğunu təsdiqlədi və bu, yekun bəyanatlardan da aydın görünürdü. Müvafiq olaraq, qeyd etmək istədiyim iki müsbət məqam var. Birincisi, bu, üçtərəfli razılaşmaların həyata keçirilməsidir, ikincisi, Rusiya xarici siyasəti üçün Türkiyə vektorunun əhəmiyyəti. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, Azərbaycanla illik ticarət dövriyyəsini 3dəfə artıraraq 15 milyard dollara çatdırmaq istəyən Türkiyə üçün də vacibdir.
Deməli, indi bütün amillər Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılmasının və üçtərəfli sazişlərin həyata keçirilməsində mühüm mərhələnin başlanmasının tərəfdarıdır.
- Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsini və perspektivlərini necə qiymətləndirirsiniz?
- Mən həmişə Rusiya-Türkiyə münasibətlərinin fəal inkişafının tərəfdarı olmuşam və əslində, diqqətli oxucu bilir ki, mənim nəzəriyyəm hamımızın başlanğıcını gözlədiyimiz çoxqütblü dünyanın suveren və müstəqil dövlətlərinin qarşılıqlı əlaqəsi üzərində qurulmasıdır. Yəni, post-imperator rus nəzəriyyələrinin bəzi dairələrində müttəfiqin və ya tərəfdaşın daha zəif mövqedə olan asılı dövlət olması ilə bağlı qəbul edilən fərziyyənin, mənə elə gəlir ki, tarixi perspektivi yoxdur.
Aydındır ki, formalaşmaqda olan çoxqütblü dünya şəraitində biz böyük dövlətlər kimi xarici aktorların iştirakı olmadan ikitərəfli münasibətlər və ya regional gündəliyi qarşılıqlı maraqlar əsasında həll edən bir neçə güc mərkəzinin mövcudluğunu nəzərdə tuturuq. Ona görə də Moskva və Ankaranın bir-birinə qarşılıqlı marağı göz qabağındadır. Türkiyə çətin iqtisadi vəziyyətdə olduğu bir vaxtda ona yeni xarici siyasət vektorları- Avropa və ABŞ-ı əvəz edəcək Rusiya kimi yeni tərəfdaşlar lazımdır. Belə ki, Rusiya ilə fəal əməkdaşlıq prezident Ərdoğana Türkiyə iqtisadiyyatındakı neqativ vəziyyəti bərabərləşdirməyə imkan verəcək. Deməli, Rusiya-Türkiyə münasibətlərinin indiki dövrünü gümüş əsr hesab etmək olar ki, bundan faydalanan həm də Rusiya və Türkiyə ilə yaxın olan, hər iki dövlətlə müttəfiqlik münasibətləri olan bir ölkə kimi Azərbaycan olacaq.