Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu qadağan olunmuş silahlardan atəşə tutmasından 2 il ötür
Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür.
Döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna 2020-ci ilin 27-28 oktyabr tarixlərində edilmiş raket hücumları nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Bununla əlaqədar mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastruktur obyektlərinin dağıntılara məruz qalması faktlarına dair tərəfimizdən faktaraşdırıcı missiya həyata keçirilmiş və müvafiq hesabat hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilmişdir. Lakin təəssüflər olsun ki, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməmişdir.
Mətbuat xidməti