Bu gün dünyada baş verənlərin fonunda etibarlı tərəfdaş kimi Azərbaycanın rolu daha aydın görünür. Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla milli maraqlar üzərində qurulan xarici siyasətini uğurla inkişaf etdirir. Respublikamızın qısa müstəqillik tarixində qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu ən yaxın müttəfiqlərindən biri də Gürcüstan dövlətidir.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı iki xalq arasında münasibətlərin inkişafına yeni imkanlar açdı. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Bu əlaqələr bu gün uğurla davam etdirilir. Bildiyimiz kimi, bu gün hər iki ölkə bir çox sahələrdə fəal əməkdaşlıq edir, münasibətlər ildən - ilə möhkəmlənir. Ölkə başçısının oktyabrın 24-də Gürcüstana baş tutan işgüzar səfəri ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.
Gürcüstana baş tutan işgüzar səfər zamanı Prezident cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən danışarkən bildirdi ki, Gürcüstan dövləti ilə strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinədir. Hər iki ölkə qarşlıqlı olaraq, bir-birini dəstəkləyir və Azərbaycan və Gürcüstanın bölgədə birlikdə icra etdiyi layihələr bunu təsdiq edir. Bu birgə layihələr həmçinin regional əhəmiyyət daşıyır, bölgənin və Avropanın inkişafına töhfələr vermiş olur. Həmçinin Prezident cənab İlham Əliyev artıq Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaq vaxtının çatdığını vurğuladı. Hətta ölkə başçısı bu ölkənin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazır olduğunu bildirəcəyi təqdirdə ölkəmizin buna müsbət reaksiya verəcəyi mesajını da verdi.
Regionun inkişafı məhz sülh, təhlükəsizlik və əməkdaşlıqdan asılıdır. Mövcud olan yüksək səviyyəli Azərbaycan-Gürcüstan münasibətləri regional əməkdaşlığın da əsasını təşkil edə bilər. Qeyd edək ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub. 44 günlük müharibə zamanı qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlayıb.
Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafına da toxunaraq, ticarət əlaqələrinin iki tərəfin maraqlarına cavab verdiyini vurğuladı. Ölkə başçısı hər iki ölkənin əməkdaşlıq şəraitində gerçəkləşdirdiyini enerji, nəqliyyat layihələrinin qonşu ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafını daha da mökməmləndirdiyini bildirdi.
Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı