VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI VALEH BƏDƏLOVUN ADINI DAŞIYAN TƏHSİL OCAĞINDA ŞƏHİD ANALARIYLA GÖRÜŞ KEÇİRİLDİ.
Zəfər gününə sayılı günlər qaldığına görə Respublikanın hər yerində olduğu kimi Zaqatala rayonunda da, silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də, Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbində keçirildi. Tədbir başlamazdan bir neçə dəqiqə əvvəl məktəbin həyətini gəzməli oldum. Düzünü desəm, Azərbaycanda çox az sayda belə təmiz, geniş həyəti və botanika bağını xatırladan məktəblərimiz vardır.
Məktəbin həyətini gəzərkən diqqətimi daha bir məqam çəkdi. Bu məktəbin hərbi vətənpərvəlik sahəsində çalışan rəhbərin yüksək səviyyədə olan xidmətləri. Belə ki, məktəbin bir tərəfində şərti əsgər heykəlcikləri, müharibədə ola bilən əyani vəsaitlərin maketləri vəs, və ilaxır. Diqqətlə ətrafa baxandan sonra başa düşdüm ki, belə məktəblərimizin sayı nə qədər çox olarsa, Mübarizlər, Valehlər, İsmayıllar, Şixamirlər yenə də, yetişəcəkdir. Daha sonra məktəbin içərisinə daxil oldum, bütün mərtəbələrdə koridorlarda Zaqatala şəhidlərinin, Milli Qəhrəmanlarımızın, Vətən Müharibəsi Qəhrəmanlarının fotoları asılmışdır. Divarlarda, elə məktəblilərin əl işləri olan, şəhid şəkilləri, Dəmir yumruq, Zəfər gününə aid fotoşəkillər sadəcə göz oxşayırdı. Və beləliklə də, məktəbin həyətinə Şəhid valideynləri daxil oldular.
Şəki-Zaqatala Regional Təhsil İdarəsi Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbinin direktoru Mehnurə İsmayılova şəhid analarını çöldə qarşıladı. Onların salamlaşma səhnəsi də, bir başqa diqqətimi çəkdi, sanki illərlə biri-birini görməyən ana-qız kimi sarılmışdılar. Mən şəhid analarının bir neçəsindən bu səmimiyyətlə bağlı soruşarkən, onlar mənə dedilər ki, hələ heç kim bizə Mehnurə xanım kimi hörmət qoymur, o bizim dərdimizə bizim qədər də, yanan bir anadır. Məktəb direktoru isə bizmlə söhbətində dedi ki, onlar Şəhiddirlər, ölməyiblər və ruhları da, başımızın üzərindədir. Odur ki, çalışıram elə edim ki, onların da, ruhu şad olsun.
Nəhayət tədbir başlandı, əvvəlcə Dövlət himnimizi canlı oxuduq, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəblilərin hazırladığı səhnəciklərin təsiri altına düşən şəhid anaları göz yaşlarını saxlaya bilmədilər.
Tədbirdə Dövlət və dövlətçilik yolunda siyasi xidmətləri olan, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Şəki-Zaqatala Regional Təhsil İdarəsi Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Mehnurə İsmayılova çıxış edərək Zəfər gününü bizə bəxş edənlər qarşısında baş əyirəm, dedi:-Prezident İlham Əliyevin peşəkar siyasətçi kimi apardığı daxili və xarici siyasət, “Dəmir Yumruğu” və Siz şəhid analarının böyüdüb boya-başa çatdırdığınız qəhrəman oğullarınızın sayəsində biz yüz illərlə dadmadığımız qələbə sevincini yaşadıq.
Bu gün biz Zəfər bayramı qeyd edirik, otuz ildir həsrət qaldığımız torpaqlara qovuşduq. Bu şərəfli günü , Şanlı tarixi bizə yaşatdığınıza görə başda Prezidentimiz olmaqla, Siz şəhid analarının qarşısında da, baş əyirəm və sizinlə fəxr edir, qürur duyuram.
Tədbirin sonunda Təhsil ocağının kollektivi şəhid analarına açdıqları süfrədə qulluq edərək, çay süfrəsi arxasında səmimi söhbətləşdilər.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
670