VƏTƏN MÜHARİBƏSİ ZAMANI AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN DÜNYAYA ÇATDIRILMASINDA AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ-OMBUDSMANIN ROLU DANILMAZDIR.
Bu yazı Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq
İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik
yubileyi (2002-2022) münasibətilə “Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi
jurnalist yazı müsabiqəsinə təqdim etmək üçündür.
Bu il Azərbaycanda Ombudsman təsisatının yubiley ilidir. (2002-2022)
Əvvəli ötən sayımızda........................həmin hesabat Komissiyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyası çərçivəsində müzakirə olunaraq, Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş, 2022-ci ilin mart ayında İslamabadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilmişdir. Xarici ölkələrin milli insan hüquqları institutları ilə insan hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilməklə yanaşı, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında saxlanılması və bunun nəticəsində yaranan humanitar böhran, eyni zamanda işğala son qoyulduqdan sonra ortaya çıxan mina problemi mütəmadi şəkildə beynəlxalq ictimaiyyətin diqqətində çatdırılmışdır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini yerində araşdırmaq məqsədilə Ombudsmanın Azərbaycana dəvət etdiyi Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdama səfər edərək, Ermənistan tərəfindən törədilmiş dağıntılarla yerində tanış olmuş, Vətən müharibəsi dövründə Ermənistan ordusunun hərbi hücumlarına məruz qalmış Tərtər rayonunun yaşayış məntəqələrinə baxış keçirmişdir. Nümayəndə heyəti Ağdam və Tərtərdə müşahidə etdikləri vandalizm aktları ilə bağlı təəssüratlarını mətbuat vasitəsilə geniş ictimaiyyətə çatdırmışdır.
Qeyd edilənlərlə yanaşı, Ombudsman təsisatı tərəfindən Ermənistanın beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi güdən təbliğat fəaliyyətinə qarşı da geniş mübarizə tədbirləri həyata keçirilmiş, Ombudsmanın sosial media hesablarında yayımlanmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.
Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı toplanmış faktlar əsasında hazırlanmış hesabat, Ermənistanın hakim dairələrinin azərbaycanlılara qarşı nifrət və etnik təmizləmə siyasətini ifşa edən iki hissəli hesabat, Azərbaycan ərazisində saxlanılan Ermənistandan olan silahlı qrupun üzvlərinə saxlandıqları yerdə Ombudsman tərəfindən başçəkmələr ilə bağlı iki xüsusi (Ad Hoc) hesabat, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən azərbaycanlı hərbi qulluqçulara qarşı işgəncə və pis rəftar hallarına dair hesabat, işğaldan azad edilmiş ərazilərdəki mina problemi ilə bağlı xüsusi (Ad Hoc) hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq təşkilatlara və insan hüquqları institutlarına göndərilmişdir. Ombudsmanın yuxarıda qeyd edilən hesabatları Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə dair faktları, dəlil və sübutları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla yanaşı, Ermənistanın hakim dairələri tərəfindən beynəlxalq ictimaiyyəti yanıltmağa istiqamətlənmiş hərəkətlərin qarşısını almaq məqsədi daşımışdır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, Ermənistan hakimiyyəti təbliğat fəaliyyəti çərçivəsində Azərbaycana qarşı beynəlxalq ictimaiyyəti qərəzli şəkildə yanıldan hesabatları mütəmadi qaydada müxtəlif beynəlxalq təşkilatlara göndərərək, bu təşkilatlar tərəfindən həqiqətə uyğun olmayan məlumatların yayımına səbəb olmuş, bu kimi hallara cavab olaraq, Ombudsman tərəfinən dərhal reaksiya verilməklə həmin məlumatların yanlışlığını sübut edən faktoloji materiallar dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.
“Human Rights Watch” təşkilatının 2021-ci il 19 mart tarixli hesabatında Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddiaları ilə bağlı Azərbaycan Ombudsmanının mətbuatda yayımlanmış xüsusi şərhində qeyd edilmişdir ki, münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalı və birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Ombudsman, eyni zamanda, nüfuzlu insan hüquqları təşkilatlarının müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara istinad etməli olduğunu, bu təşkilatın hesabatında həmin prinsiplərə riayət etmədiyini, əksinə, ikili standartlara yol verdiyini qeyd etmiş, Ermənistan əsirliyindən xilas olmuş azərbaycanlı hərbçilərlə şəxsən apardığı söhbətlər zamanı əsirlikdə onlara qarşı işgəncə və pis rəftar hallarına dair faktoloji məlumatları diqqətə çatdırmışdır.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, Ermənistan hakimiyyəti müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməli olan Ermənistan Ombudsman təsisatından da propaqanda aləti kimi istifadə edir. Belə ki, 2021-ci ildə Ermənistan Ombudsmanının Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin İnsan Hüquqları Şurasınının 47-ci sessiyasında Azərbaycana qarşı səsləndirdiyi siyasi və qərəzli bəyanata Ombudsman tərəfindən etiraz olaraq BMT-nin Milli İnsan Hüquqları İnstitutları ilə iş üzrə xüsusi bölməsinə ünvanlanan məktubda BMT-nin İnsan Hüquqları Şurasında müstəqil milli insan hüquqları institutları üçün ayrılan kürsüdən qərəzli məqsədlər üçün istifadə edilməsinə yol verilməməsinin vacibliyi vurğulanmışdır. Yeri gəlmişkən, bir çox beynəlxalq və regional təşkilatların hazırladığı hesabatlarda Azərbaycan Ombudsmanının hesabat və bəyanatlarına istinadlar edilməklə istifadə olunmuşdur. Qeyd olunmalıdır ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı insan hüquqlarının müdafiəsi ilə bağlı Avropa Şurasına üzv ölkələrdə fəaliyyət göstərən Ombudsman İnstitutları ilə mütəmadi şəkildə əlaqə saxlayır, vəziyyətlə bağlı onlarla məsləhətləşmələr aparır. Ombudsman istər müharibə, istərsə də müharibədən sonrakı dövrdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı ilə videokonfrans vasitəsilə görüşlər keçirmiş, Ermənistan hakimiyyətinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozması ilə əlaqədar faktları onun diqqətinə çatdırmışdır. Məlum olduğu kimi, müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. Müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən insanların həyatı təhlükə altında qalmaqda davam edir. Ombudsman işğaldan azad olunmuş ərazilərimizdəki mövcud mina problemi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını və digər aidiyyəti beynəlxalq insan hüquqları qurumlarını mütəmadi şəkildə məlumatlandırmış, onlara bu mövzu ilə bağlı açıq məktublar ünvanlamışdır.
Məktublarda həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırıldığı və cavabdeh ölkə olan Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin regionda vəziyyəti gərginləşdirdiyi, sülhə və birgəyaşayışa təhlükə yaratdığı nəzərə çatdırılmışdır. Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi və insan hüquqlarının pozulması hallarının dayandırılması üçün Ermənistana təsir göstərməyə çağırmışdır. Hazırda Azərbaycanın qarşısında duran əsas məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsi, dağıdılmış infrastrukturun, tarixi abidələrin bərpası və öz yurd-yuvasından didərgin salınmış məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıdışını təmin etməkdir. Ombudsman beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı faktlara yönəltmək üçün işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı xüsusi (Ad Hoc) hesabat hazırlamışdır. Həmin hesabatda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların səbəb olduğu insan tələfatı, habelə mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi, insan həyatına və sağlamlığına, ümumilikdə insan hüquqlarına və regionun inkişafına zərərli təsiri barədə məlumatlar təqdim edilmişdir. Ombudsman beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda tam sülhü bərqərar etmək, təhlükəsiz mühit yaratmaq, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə tez bir zamanda qayıtmasını təmin etmək üçün bütün səyləri birləşdirməyə və dünyada mina qurbanlarının sayının artmasının qarşısını almağa yönəlik addımlar atmağa çağırmışdır.
Ombudsman respublikamızda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələri, xarici ölkələrin səfirləri, həmçinin ölkəmizə səfər edən beynəlxalq qurumların rəhbər və nümayəndələri ilə görüşlərində də onlara Ermənistan tərəfindən törədilən insan hüquqları pozuntuları ilə bağlı geniş məlumat vermişdir. Ombudsman Azərbaycana səfər edən Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvlərini - “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçini və komitə katibliyinin rəhbərini qəbul etmiş, onlara İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə geniş təqdimat edilmişdir. Təqdimatda müharibə dövründə həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş uşaqlar, tamamilə və ya qismən dağıdılmış tarixi, dini və mədəni abidələr barədə məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı işgəncə və pis rəftar hallarına dair faktlara yer verilmişdir.
Ombudsman İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Direktorlar Şurasının videokonfrans formatında keçirilən 5-ci iclasında çıxış etmişdir. Türkiyənin Baş Ombudsmanı, İƏT OA-nın Prezidentinin və Pakistanın Vergilər üzrə Federal Ombudsmanı, İƏT OA-nın Baş Katibinin iştirakı ilə keçirilmiş görüşdə Ombudsman İkinci Qarabağ müharibəsi zamanı və postmünaqişə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuş insan hüquqları barədə geniş məlumat vermişdir. O, Vətən müharibəsi dövründə mülki şəxslərin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alındığını, insan hüquq və azadlıqlarının kobud surətdə pozulduğunu, işğaldan azad edilmiş ərazilərdə hələ də mina probleminin mövcud olduğunu, nəticədə həm azərbaycanlı mülki şəxslərin, həm də o ərazilərdə xidmət edən hərbi qulluqçuların minaya düşərək həlak olduqlarını və ya sağlamlıqlarını itirdiklərini diqqətə çatdırmışdır.
Ermənistan tərəfindən törədilən insan hüquqları pozuntularının dünya ictimaiyyətinə çatdırılması məqsədilə İtaliyaya səfəri çərçivəsində Ombudsman İtaliya Respublikası Senatının prezidenti, İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri, İtaliya Senatında İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi Komissiyasının üzvləri, o cümlədən insan hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirərək, Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğalın nəticələri barədə geniş məlumat vermişdir. Görüşlər zamanı iştirakçılar Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror siyasəti, postmüharibə dövründə mina təhlükəsinin səbəb olduğu insan itkiləri, habelə bu insan hüquq pozuntularının araşdırılması ilə bağlı Azərbaycan Ombudsmanı və beynəlxalq nümayəndə heyətlərinin həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə də məlumatlandırılmışlar. Səfər çərçivəsində keçirilən görüşlər və Ombudsmanın səsləndirdiyi məlumatlar İtaliya və Türkiyə mətbuatında da geniş şəkildə işıqlandırılmışdır. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, insan hüquqları pozuntuları ilə bağlı Ombudsman tərəfindən müharibə dövründən başlayaraq, Azərbaycan və ingilis dillərində 14 hesabat, 21 bəyanat, 7-si videomüraciət olmaqla, 23 müraciət, 150-yə yaxın mətbuat açıqlaması, habelə 2 videoçarx hazırlanaraq, beynəlxalq ictimaiyyətə və aidiyyəti ünvanlara göndərilmiş, təsisatın sosial media səhifələrində (“Facebook”, “Twitter”, “Instagram” və “Youtube”) yayımlanmışdır. Qeyd olunan hesabat, bəyanat və müraciətlərdə Ermənistanın aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə aralarında uşaq və qadınlar da olmaqla, çoxsaylı dinc sakinləri qətlə yetirməsi, dini, tarixi və mədəni abidələri, o cümlədən məscid və digər ibadət yerlərini, eləcə də qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket komplekslərindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi ağır cinayətlər obyektiv və real faktlarla təqdim edilmiş, bu məlumatlar yerli və beynəlxalq mətbuatda dərc olunmuşdur. “Metsamor” Atom Elektrik Stansiyasının (AES) bütün bölgə üçün potensial təhlükəsi ilə bağlı yayımlanan bəyanatda Ombudsman Ermənistanın 30 ilədək müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərinin radioaktiv çirkləndirilməsindən narahatlığını ifadə etmiş, Metsamor AES-in yarada biləcəyi təhlükələri nəzərə alaraq, “Çernobıl” və “Fukuşima”ya bənzər fəlakətlərin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın işinin təhlükəsiz şəkildə dayandırılması, təcili olaraq bağlanması, radioaktiv tullantıların isə Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan yanacaq idarəetməsinin təhlükəsizliyi və radioaktiv tullantıların idarə edilməsi təhlükəsizliyi haqqında” Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərə uyğun olaraq ciddi beynəlxalq nəzarət altına alınması ilə bağlı təcili tədbirlər görülməsi üçün çağırış etmişdir.
Ombudsmanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalarla bağlı bəyanatında qeyd edilmişdir ki, minaların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə təhdid olmaqla bərabər, məcburi köçkünlərin həmin ərazilərə qayıdışına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Ombudsman BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” adlı qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat yayımlamışdır. Bəyanatda Ermənistan rəhbərliyinin üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njde kimi birmənalı qəbul olunmayan millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün atdığı addımlar pislənilmişdir. Ombudsman Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığını bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş fəaliyyətin dayandırılması üçün zəruri addımlar atmağa çağırmışdır.
Ombudsman 2021-ci il mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş terror-təxribat fəaliyyəti ilə bağlı bəyanat vermiş, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini Ermənistanın növbəti hərbi təxribatlara yol verməməsi, sülhü təhdid edən cəhdlərdən çəkinməsi, minalanmış ərazilərin xəritəsini mümkün olan qısa müddət ərzində verməsi, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinə dönmədən əməl etməsi üçün təsirli tədbirlərin görülməsini təmin etməyə çağırmışdır. Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək ikisi jurnalist olmaqla, üç mülki şəxsin həlak olması ilə bağlı verdiyi bəyanatda Ombudsman regionda insan həyatı və sağlamlığı üçün ciddi təhdid olan mina problemi ilə əlaqədar narahatığını bir daha ifadə etmiş, aidiyyəti beynəlxalq insan hüquqları qurumlarının baş verən bu insan hüquqları pozuntularına etinasız yanaşmamalarını və mandatları çərçivəsində müvafiq addımları atmalı olduqlarını bildirmişdir. Ombudsmanın 6 Noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı yayımladığı bəyanatda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi ziyan vurulmaqla beynəlxalq ekoloji cinayətlər (ekosid) törədildiyi diqqətə çatdırılmışdır. Ombudsman Ermənistan tərəfinin 2021-ci ilin 16 noyabr tarixində Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusunun şəhid olması, 10 nəfərin isə yaralanması ilə bağlı beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Ombudsman Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar dünya ictimaiyyətinə ünvanlandığı videomüraciətində Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə itkin düşmüş, girov götürülmüş mülki şəxslərin taleyi ilə bağlı narahatlığını bildirmiş, bununla bağlı faktları diqqətə çatdırmış, Ermənistanın Cenevrə Konvensiyalarının tələblərini pozaraq bu şəxslərlə bağlı hələ də məlumat vermədiyini qeyd edərək beynəlxalq təşkilatları bu sahədə qətiyyətli mövqe nümayiş etdirməyə çağırmışdır. Videomüraciət üç dildə hazırlanaraq, aidiyyəti beynəlxalq təşkilatlara, Ombudsman və milli insan hüquqları təsisatlarına, diaspora təşkilatlarına göndərilmiş və KİV-də geniş yayımlanmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanda azərbaycanlılara qarşı irqi nifrəti təşviq edən halların qadağan edilməsi vəsatəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası tərəfindən təqdim edilmiş sənədlərdə Ombudsman tərəfindən hazırlanmış və müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunmuşdur. Qeyd etmək lazımdır ki, həmin məhkəmənin 2021-ci il oktyabrın 14-dən 19-dək keçirilmiş dinləmələrindən sonra qəbul etdiyi qərarında Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırığı öz əksini tapmışdır. Ombudsman tərəfindən Füzuli şəhərində və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kəndlərində, Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərində, Ağdam rayonunun Qarağacı və Uzundərə kəndlərində işğal dövründə Ermənistan tərəfindən dağıdılmış qəbiristanlıqlarla bağlı yerində araşdırmalar həyata keçirilmişdir. Həmin qəbiristanlıqlarda məzarların dağıdılması və təhqir olunması ilə yanaşı, yaxınlıqda mina basdırılması faktları da aşkar olunmuşdur. Hazırda Ombudsman tərəfindən həmin monitorinqin nəticələri əsasında beynəlxalq təşkilatlara göndəriləcək hesabat hazırlanmaqdadır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2021-ci il üzrə məruzəsinə diqqət yetirərkən hüquqi maarifləndirmə sahəsində də, xeyli işlərin görüldüyünün şahidi olursan:-HÜQUQİ MAARİFLƏNDİRMƏ, ELMİ-ANALİTİK FƏALİYYƏT VƏVƏTƏNDAŞ CƏMİYYƏTİ İNSTİTUTLARI İLƏ ƏMƏKDAŞLIQ HAQQINDA.
İnsan hüquqları sahəsində maarifləndirmə. Cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının təbliği məqsədilə Ombudsman tərəfindən insan hüquqları sahəsində hüquqi maarifləndirmə tədbirləri təşkil olunmuşdur. Ombudsman tərəfindən bir sıra strategiyalara, milli fəaliyyət plan və proqramlarına uyğun olaraq, paytaxt və regionlarda müxtəlif silsilə tədbirlər keçirilmişdir. Ombudsman tərəfindən ənənəvi olaraq hər il olduğu kimi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyətin genişləndirilməsi, qazanılmış nailiyyətlər barədə ictimaiyyətin məlumatlandırılması, qarşıda duran vəzifələrin müəyyən edilməsi, habelə əhalinin hüquq düşüncəsi və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə mayın 18-dən iyunun 18-dək “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Həmin aylıq çərçivəsində Ombudsman Aparatı və regional mərkəzlər tərəfindən insan hüquqlarının təbliği sahəsində çoxsaylı hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. Dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri də Ombudsmanın bu təşəbbüsünə qoşularaq, maarifləndirmə tədbirlərində fəal iştirak etmişlər.
21 Sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı Bakıda və regionlarda tədbirlər keçirilmiş, Ombudsmanın bu əlamətdar günlə əlaqədar beynəlxalq ictimaiyyətə ünvanlandığı müraciət iştirakçıların diqqətinə çatdırılmışdır. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə Ombudsman tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq Hüquqları Aylığı” elan edilmiş və dövlət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə tədbirlər keçirilmişdir. 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün ildönümləri, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ombudsman Aparatı və regional mərkəzlər tərəfindən silsilə tədbirlər təşkil edilmişdir. Qadınlara münasibətdə törədilən zorakılığın qarşısının alınması istiqamətində yerli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılması məqsədilə 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri aralığında bütün dünyada keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Ombudsman tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq geniş maarifləndirmə tədbirləri keçirilmişdir. Regional mərkəzlər tərəfindən müxtəlif qurumların iştirakı ilə 2 Fevral - Gənclər Günü, 7 Aprel - Ümumdünya Sağlamlıq Günü, 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü, 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü, 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü, 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü, 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, eləcə də digər yerli və beynəlxalq əhəmiyyətli günlərə həsr edilmiş maarifləndirmə tədbirləri keçirilmişdir. Ombudsman Aparatı və regional mərkəzlər, habelə Milli Preventiv Qrupun üzvləri tərəfindən sosial xidmət, təhsil, psixiatriya, cəzaçəkmə, o cümlədən tərbiyə müəssisələrində, müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan şəxslər, habelə işçi heyəti ilə keçirilmiş görüşlər zamanı əhalinin müxtəlif qruplarına (uşaqlara, qadınlara, gənclərə, ahıllara, əlilliyi olan şəxslərə, qaçqın, məcburi köçkün və miqrantlara, həbsdə saxlanılanlara, məhkumlar və s.) ünvanlanmış hüquqi maarifləndirici söhbətlər aparılmış, təlimlər keçirilmişdir. İnsan hüquqlarının müdafiəsi sahəsində peşəkar, bilikli və təcrübəli mütəxəssislərin hazırlanmasına dəstək vermək üçün ali təhsil müəssisələri ilə əməkdaşlıq davam etdirilmiş, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri istehsalat təcrübəsi, “İnsan hüquqları” və “Tibbi hüquq” ixtisaslaşmaları üzrə magistrantları Ombudsman Aparatında elmi-tədqiqat təcrübəsi keçmişlər. Təsisatda ümumilikdə 464,
2021-ci ildə isə 18 tələbə və magistrant istehsalat və elmi-tədqiqat təcrübələrində olmuşdur. İnsan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin səmərəliliyinin artırılmasında maarifləndirici nəşrlər mühüm rola malikdir. Ombudsmanın təşəbbüsü ilə 2021-ci ildə 10 adda maarifləndirici vəsait, o cümlədən “İnformasiya əldə etmək hüququnu təmin edək!”, “İnformasiya əldə etmək hüququmuzu bilək!” adlı bukletlər, Ombudsmanın faktaraşdırıcı missiyalarına dair Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatlar çap olunmuşdur. Bununla yanaşı, Ombudsmanın illik məruzəsi də Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. Ümumilikdə, Ombudsman təsisatı tərəfindən hazırkı vaxta kimi 216 adda vəsait nəşr edilmiş, insan hüquqlarına və layiqli idarəetməyə dair 23-dən artıq xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, Azərbaycan dilində olan 59 adda vəsait ingilis dilinə, 45 adda vəsait isə rus dilinə tərcümə edilərək nəşr olunmuş, geniş oxucu auditoriyasına təqdim olunmuşdur. Hüquqi-maarifləndirmə işi istiqamətində 2021-ci ildə kitabxana tərəfindən Təsisatın insan hüquqlarının müxtəlif sahələri üzrə nəşrləri (kitab, buklet, liflet, plakat, bülleten və s.), o cümlədən Ombudsmanın ölkəmizin işğaldan azad olunmuş ərazilərində beynəlxalq təşkilatların rəhbər şəxsləri və nümayəndə heyətləri ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri əsasında hazırlanmış hesabatları dövlət qurumlarına, qəbul edilmiş qonaqlara, habelə Ombudsmanın xarici səfərləri zamanı rəsmi şəxslərə təqdim edilmiş, ölkənin müxtəlif kitabxanalarına, cəzaçəkmə və tərbiyə müəssisələrinə paylanmışdır. Ombudsman Aparatının İnsan Hüquqları Kitabxanasında əlamətdar və tarixi günlərə uyğun olaraq, “20 Yanvar”, “Xocalı faciəsi”, “Soyqırım və deportasiya”, “Ombudsman Aparatının nəşrləri”, “Yeni nəşrlər”, “Qarabağ - Azərbaycandır!”, “44 Gün - Zəfər salnaməsi”, “Koronavirus! Sağlamlığımızı qoruyaq!” və “12 Dekabr – Ümummilli Liderimiz Heydər Əliyevi ehtiramla anırıq” başlıqlı sərgilər təşkil edilmişdir. Ombudsman Aparatının İnsan hüquqları kitabxanası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən “Oxunan hər kitab nurlu sabahdır” adlı kitab aksiyasına qoşulmuş və həmin aksiya çərcivəsində 6 adda 450 nüsxə çap məhsulu (kitab, liflet, plakat) Respublika Uşaq Kitabxanasına hədiyyə edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmiş Ombudsman Aparatı tərəfindən həmin sərgidə 152-si kitab, 55-i liflet-buklet, 9-u plakat olmaqla, hüquq ədəbiyyatının müxtəlif sahələrindən bəhs edən 216 adda nəşr nümayiş etdirilmişdir. Ombudsman təsisatının hüquqi maarifləndirmə materialları rəsmi internet saytında və sosial şəbəkə hesablarında da yerləşdirilmişdir. Qeyd edilənlərlə yanaşı, Ombudsman Aparatı beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması məqsədilə Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində “Yenidən əlaqə qur” devizi altında keçirilən 73-cü Beynəlxalq Kitab Sərgisində də iştirak etmişdir. Ombudsmanın Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyalarla, həmçinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi insan hüquqları pozuntuları, soydaşlarımıza qarşı nifrət nitqi ilə bağlı ingilis dilində hazırlanmış və çap olunmuş hesabatları həmin sərgidə nümayiş etdirilmişdir. Bu nəşrlərin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərin və digər vandalizm aktlarının ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Jest dilinin, Brayl əlifbasının, ünsiyyətin bütün digər üsullarının rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinin təmin edilməsinə töhfə vermək məqsədilə Ombudsmanın elmi redaktorluğu ilə “Uşaq Hüquqları Konvensiyası”nın yenidən işlənmiş 3-cü nəşri əsasında jest dilinə tərcümə edilmiş elektron kitab hazırlanmışdır. Həmin sosial layihə çərçivəsində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günündə əlilliyi olan uşaqların iştirakı ilə kitabın təqdimatı keçirilmiş, F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birlikdə “Hüquqlarımız ilə güclü və xoşbəxtik” adlı tədbir təşkil olunmuşdur. Elmi-analitik fəaliyyət. Ombudsmanın elmi-analitik sahədə həyata keçirdiyi fəaliyyət çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə normativ hüquqi aktların təkmilləşməsinə yönəlmiş tədbirlər həyata keçirilmişdir. Ombudsmanın elmi-analitik sahədə həyata keçirdiyi fəaliyyət insan hüquq və azadlıqları ilə bağlı mövcud strategiyaların, konsepsiyaların, milli fəaliyyət planı və proqramlarının hazırlanması, həyata keçirilməsi və monitorinqi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğuların Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi kimi istiqamətləri əhatə edir. Ombudsman Yaşlanma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsiplərinə əsaslanaraq, ahıllara diqqəti daha da artırmaq, onların sosial-hüquqi müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə növbəti illər üçün “Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın hazırlanaraq təsdiq edilməsini bir daha təklif edir. BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsiplər”ini və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimat”ını, eləcə də bu sahədə xarici ölkələrin təcrübəsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini, hüquq-müdafiə vasitələrinin daha əlçatan olmasını təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədi ilə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması təklif olunur.
Ombudsman əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığı davam etdirmiş, Kollegiya tərəfindən Ombudsmana ünvanlanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərlə bağlı layihə sənədinə dair təkliflər hazırlanaraq, aidiyyəti üzrə təqdim edilmişdir. Qeyd edilənlərlə yanaşı, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Ombudsman ölkəmizin bu sahədə bir sıra beynəlxalq müqavilələri ratifikasiya etməsini zəruri hesab edir:
- “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə” Beynəlxalq Konvensiya;
- Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 2 (ədalətli əmək şəraiti hüququ), 3 (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 10 (peşə hazırlığı hüququ), 13 (sosial və tibbi yardım hüququ), 15 (əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ), 17-ci (uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ), 19-cu (əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququ), 23 (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ), 30 (yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ) və 31-ci (yaşamaq yeri hüququ) maddələri (ölkənin iqtisadi durumu və maliyyə imkanları nəzərə alınmaqla);
- “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolu;
- Beynəlxalq Əmək Təşkilatının «Sosial təminatın minimum normaları haqqında» 102 saylı Konvensiyası;
- “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyası.
“Ombudsman haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Ombudsman insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə, ləğv olunmasına və ya müvafiq dəyişikliklər edilməsinə dair təkliflər vermişdir.
Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil və Vergi məcəllələrinin, habelə əlillik, pensiya və sosial müavinət, sosial xidmət və s. sahələrlə bağlı qanunvericilik aktlarının monitorinqi həyata keçirilmişdir.
Ombudsman Azərbaycan Respublikasının Milli Məclisindən, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş normativ hüquqi aktların layihələrinə dair rəy və təkliflər hazırlamış, aidiyyəti üzrə təqdim etmişdir.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi məqsədilə Ombudsman müvafiq normativ hüquqi aktların hazırlanması prosesində yaxından iştirak etmiş, təklif və tövsiyələrini vermişdir.
Yeri gəlmişkən, Ombudsmanın qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirdiyi prosesə qeyri-hökumət təşkilatları da fəal şəkildə cəlb olunmuşdur.
Ombudsman Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Ombudsman haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə, habelə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə istinadən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğularla müraciət etmiş və həmin qurum tərəfindən müvafiq aktlar qəbul edilmişdir.
Ombudsmanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3. və 85.4-cü maddələrinin Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə, 17-ci maddəsinin IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 23 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir.
Həmin qərarda göstərilmişdir ki, məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin edilməsi məsələsini həll edərkən, ilk növbədə, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir.
Ombudsmanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Konstitusiyanın 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2021-ci il 19 fevral tarixli qərar qəbul edilmişdir.
Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 13-cu maddəsinin (Mülkiyyət) 1-ci hissəsinə, 25-ci maddəsinə (Bərabərlik hüququ), 29-cu maddəsinin (Mülkiyyət hüququ) I-IV hissələrinə, 38-ci maddəsinin (Sosial təminat hüququ) I, III hissələrinə, 149-cu maddəsinin (Normativ hüquqi aktlar) I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ünvanlanmışdır.
Həmin sorğu ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarında əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanmasının müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirildiyi qeyd olunmuş, həmçinin güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması məsələlərinə aydınlıq gətirilmişdir.
Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı sorğular əsasında qəbul edilmiş həmin qərar və qərardadlar istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edərək, Konstitusiyada və digər normativ hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının düzgün anlaşılmasına, onların təcrübədə düzgün tətbiqinə və təmininə mühüm töhfələrini verməkdədir.
Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq. Ombudsman ötən dövrdə vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, icmalar, habelə geniş ictimaiyyətlə sıx əməkdaşlıqda fəaliyyətini davam etdirmişdir. Bu fəaliyyət çərçivəsində qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan hüquqlarının ayrı-ayrı sahələrinə dair müzakirələr keçirilmiş, yerlərdə icmalarla görüşlər zamanı bir sıra məsələlər müzakirə olunmaqla qaldırılan məsələlər üzrə aidiyyəti təkliflər hazırlanmış, mətbuat açıqlamalarının, məqalə və müsahibələrin yerli və xarici mətbuatda yayımlanması təmin edilmişdir.
İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının, icmaların, ictimaiyyət nümayəndələrinin, müxtəlif sahələr üzrə ekspertlərin və kütləvi informasiya vasitələrinin iştirakı ilə insan hüquqlarının prioritet istiqamətlərinə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir. Ombudsmanın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və ictimai iştirakçılığın gücləndirilməsinə dəstək vermək məqsədilə aparatın strukturunda təkmilləşdirilmə aparılmaqla “Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq” adlı yeni şöbə yaradılmışdır.
Il ərzində Ombudsmanın Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilər, BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiləyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” adlı qətnaməsinin icrasına dəstək, Ermənistan tərəfinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz, Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslər, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi, habelə 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Gəncənin raket hücumlarına məruz qalmasının, Tərtər şəhər qəbiristanlığının atəşə tutulmasının ildönümləri, Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü və Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı etiraz bəyanatları yayımlanmışdır. Ombudsmanın bu bəyanatları BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir. Ombudsman vətəndaş cəmiyyətinin müxtəlif qruplarından olan həm yerli, həm də beynəlxalq jurnalistlərlə görüşmüş, Azərbaycan reallıqlarını, 44 günlük Vətən müharibəsinin, eləcə də ölkəmizə qarşı təcavüz və mülki əhaliyə qarşı törədilən etnik təmizləmə siyasətinin ağır nəticələrini bütün təhdid və hədə-qorxulara baxmayaraq dünya ictimaiyyətinə dolğun, obyektiv və qərəzsiz şəkildə çatdırdıqlarına görə onların fəaliyyətini yüksək qiymətləndirmiş, bir neçə jurnalistə fəxri fərmanlar təqdim etmişdir. Ombudsman təsisatının müxtəlif mövzularda təşkil etdiyi çoxsaylı tədbirlər, ənənəvi olaraq elan edilən “İnsan Hüquqları Aylığı”, “Uşaq Hüquqları Aylığı” çərçivəsində, habelə Ombudsmanın regional mərkəzləri tərəfindən mütəmadi olaraq təşkil edilən silsilə maarifləndirmə tədbirləri təsisatın onlayn resurslarında, habelə televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır. Ombudsmanın Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsi milli və ümumbəşəri dəyər kimi”, Konstitusiya Gününə həsr olunmuş “Ombudsman təsisatı konstitusion hüquqların təmininə xidmət edir” və Ümumdünya Uşaqlar Gününə həsr olunmuş “Uşaqların hüquq və azadlıqlarının müdafiəsi Ombudsmanın prioritet vəzifələrindəndir” adlı məqalələri qəzetlərdə dərc edilmiş, rəsmi səhifədə yerləşdirilmişdir. VII Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsman Aparatının nəşrlərinin təqdimat mərasimi təsisatın “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanmış, bununla bağlı məlumatlar televiziya kanalları vasitəsilə geniş ictimaiyyətə təqdim olunmuşdur. Ombudsmanın dəvəti əsasında ölkəmizə səfər etmiş beynəlxalq təşkilatların, milli insan hüquqları təsisatlarının nümayəndə heyətlərinin faktaraşdırıcı missiyaları ilə bağlı məlumatlar da televiziya kanallarında birbaşa bağlantı və geniş süjetlər vasitəsilə işıqlandırılmışdır. Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu nümayəndə heyətinin, o cümlədən Qarabağ Müşahidə Qrupunun ölkəmizə səfərinin məqsədləri ilə bağlı Ombudsman Aparatında mətbuat konfransı təşkil edilmiş, müsahibələr verilmişdir. Ombudsmanın İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə birgə Şuşada, Ağdamda həyata keçirdiyi faktaraşdırıcı missiyalar canlı bağlantı vasitəsilə televiziyada işıqlandırılmışdır. İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının faktaraşdırıcı missiyasının yekunları ilə bağlı Gəncə şəhərində brifinq təşkil edilmiş, KİV nümayəndələri səfərin məqsədi və yekunları barədə məlumatlandırılmış, sualları cavablandırılmışdır. Ombudsman, habelə Aparatın və regional mərkəzlərin əməkdaşlarıAzərbaycan Dövlət Televiziyası, “Azad Azərbaycan”, Xəzər TV, Real TV, CBC TV və digər teleradio kanallarında yayımlanan bir sıra verilişlərdə, o cümlədən “Obyektiv”,“Əsas məsələ”, “Səhər çağı”, “ATV Səhər” verilişlərində iştirak edərək, insan hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif mövzular üzrə çıxışlar etmişlər. Ombudsman təsisatının fəaliyyəti ilə bağlı müəllif verilişləri hazırlanmışdır. “Obyektiv” verilişinin bir neçə buraxılışında Ombudsmanın, təsisatın nümayəndələrinin, faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan nümayəndələr və xarici ekspertlərin yerində müsahibələri təşkil edilmişdir. Ombudsmanın qeyd edilən sahədə fəaliyyətinin əhəmiyyətli hissəsini Ermənistanın mütəmadi olaraq təxribatlara yol verməsi, sosial media hesabları vasitəsilə anti-Azərbaycan təbliğatı aparması, ümumilikdə uzun illər ərzində törədilmiş, hazırda da davam etdirilən insan hüquq pozuntuları barədə dünya ictimaiyyətinin məlumatlandırılması işi təşkil etmişdir. Ombudsmanın sosial şəbəkə hesabları vasitəsilə sərhəd bölgəsində və işğaldan azad edilmiş ərazilər ətrafında törədilmiş təxribatlara, KİV-də barəsində məlumat yayılmış insan hüquq pozuntularına dərhal reaksiya verilmiş, faktlara əsaslanan bu məlumatların Azərbaycan, ingilis və rus dillərində yayımlanması təmin edilmişdir. Ombudsmanın Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan videomüraciətləri də Azərbaycan, ingilis və rus dillərində rəsmi səhifə və sosial şəbəkə hesablarında yerləşdirilmiş, mətbuatda yayımlanmışdır. Təsisat tərəfindən həmçinin “Azərbaycanlılara qarşı nifrət siyasəti”, “Müharibə və müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyəti” başlıqlı videoçarxlar hazırlanmış, bu barədə məlumatların rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında, habelə KİV-də yayımlanması təmin edilmişdir. Ombudsman Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda mina partlaması nəticəsində peşə fəaliyyətini həyata keçirən iki jurnalistin və bir dövlət qurumu nümayəndəsinin həlak olması, bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən faciəvi hadisəyə də reaksiya verərək, bununla bağlı bəyanatda beynəlxalq təşkilatlara növbəti dəfə çağırış etmişdir. İkinci Qarabağ müharibəsi dövründən başlayaraq Ombudsmanın beynəlxalq hüquq, o cümlədən insan hüquq pozuntularının araşdırılması ilə bağlı həyata keçirdiyi fəaliyyətin daha aydın formada yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə rəsmi internet səhifəsində ayrıca bölmə yaradılmış və mütəmadi olaraq təkmilləşdirilmişdir. Bu bölmə vasitəsilə Ombudsmanın həmin mövzuda hazırlanmış çoxsaylı hesabatları, bəyanatları, müraciətləri və mətbuat açıqlamalarının geniş auditoriyaya çatdırılması təmin edilmişdir. Rəsmi internet səhifəsində Ombudsmanın Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı şəffaflığın və hesabatlılığın təmini məqsədilə yaradılmış müvafiq bölmədə aylıq statistika verilmiş, sosial şəbəkə hesabında yayımlanmışdır. Ombudsmanın təşəbbüsü ilə 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı keçirilən “Postmüharibə dövründə insan hüquqları” mövzusuna həsr edilmiş jurnalist yazı müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir. İl ərzində Azərbaycan və ingilis dillərində 275 mətbuat açıqlaması yayımlanmış, təsisat barədə yerli və xarici mətbuatda verilmiş 5314 məlumat qeydiyyata alınmışdır.
Hesab edirik ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsmanı bütün gücüylə Dövlət və dövlətçiliyimizin və öz problemlərilə onlara müraciət edən hər bir sadə vətəndaşın yanındadır.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.